2026-cı ilin yanvar–sentyabr aylarında Bakı Fond Birjasında ipoteka istiqrazları üzrə əməliyyatların həcmi 808.35 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 1 milyard 165.70 milyon manatla müqayisədə 30.7% azdır.
Banker.az BFB-nin statistikasına istinadən xəbər verir ki, ilkin bazarda ipoteka istiqrazlarının yerləşdirilməsi 550.40 milyon manatdan 400 milyon manata enib. Beləliklə, yerləşdirmələrin həcmi illik müqayisədə 27.3% azalıb.
Təkrar bazarda geriləmə daha böyük olub. Mövcud ipoteka istiqrazlarının alqı-satqısı 615.30 milyon manatdan 408.35 milyon manata düşüb ki, bu da 33.6% azalma deməkdir.
İpoteka və Kredit Zəmanət Fondunun son yerləşdirməsi sentyabrın 28-də həyata keçirilib. Həmin gün BFB-də 50 milyon manatlıq ipoteka istiqrazları tam yerləşdirilib. Bir istiqrazın nominal dəyəri min manat, illik faiz dərəcəsi isə 3% olub.
İstiqrazlar vasitəsilə vəsait cəlbinin azalması Fond xətti ilə yeni ipoteka kreditlərinin verilməsindəki zəifləmə ilə eyni dövrə təsadüf edir. Sentyabrın 25-də dərc etdiyi məqaləyə görə, yanvar–avqust aylarında Fondun vəsaiti hesabına 262.9 milyon manat ipoteka krediti verilib. Bu, illik müqayisədə 13.7% azdır. İyul–avqust aylarında isə kreditləşmə 49.3% azalaraq 36.6 milyon manata enib.
Bununla yanaşı, bankların ümumi ipoteka portfeli böyüməkdə davam edib. Avqustun sonunda portfel 4 740.2 milyon manat təşkil edib və ötən ilin eyni dövrünü 5.4% üstələyib. Amma əsas diqqət burada artım dinamikasınadır. Əvvəlki illərlə müqayisədə artım dinamikası bir rəqəmlidir.
Fondun digər mənzil təminatı mexanizmində də yeni müraciətlərin qəbuluna fasilə verilib. İKZF oktyabrın 6-dan satmaq öhdəliyi ilə kirayə mənzil üçün yeni müraciətlərin qəbulunu müvəqqəti dayandırıb. Fond bunu müraciətlərin mövcud mənzil sayını dəfələrlə üstələməsi və elektron sistemin təkmilləşdirilməsi ilə izah edib. Sistem üzərindən gündə 100-dən çox müraciət qeydə alınır. mcgf.gov.az


