Azərbaycanda qızıl və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti səhmdarlarına 2026-cı il üzrə aralıq dividend ödəyəcək.
Banker.az xəbər verir ki, şirkət hər adi səhmə görə 6 ABŞ senti məbləğində dividend ayırıb.
Dividend ödənişi 6 noyabr 2026-cı il tarixinə şirkətin səhmdarları siyahısında olan şəxslərə şamil ediləcək. Vəsaitin noyabrın 26-da ödənilməsi nəzərdə tutulur.
Şirkət dividendləri ABŞ dolları ilə deyil, Britaniya funt sterlinqi ilə nağd formada ödəyəcək. Məzənnənin hesablanması üçün İngiltərə Bankının 26–30 oktyabr tarixlərində açıqladığı orta göstərici əsas götürülüb. Bu dövrdə 1 funt sterlinq 1,3347 ABŞ dollarına bərabər olub.
Beləliklə, səhmdarlar hər səhmə görə 4,4955 pens dividend alacaqlar. Şirkət dividendlərin yeni səhmlərə yatırılması imkanını təqdim etməyəcək.
Qeyd edək ki, “Anglo Asian Mining” Azərbaycanda ən böyük qeyri-dövlət qeyri-neft ixracatçısıdır. Şirkətin Azərbaycandakı törəməsi olan “Azerbaijan International Mining Company” 2026-cı ilin ilk üç ayında 85,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə çoxdur.
Şirkətin birinci rübdə konsentrat satışlarının dəyəri 45,6 milyon dollar, qızıl külçə satışlarının dəyəri isə təxminən 19,4 milyon dollar təşkil edib. Beləliklə, açıqlanan göstəricilər əsasında ümumi satış dəyəri təxminən 65 milyon dollara çatıb.




