Bakı. Trend:
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ümumi dəyəri 15 milyon manat olan istiqrazlarını dövlət qeydiyyatına aldırıb.
Bu barədə qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair məlumatda qeyd olunub.
Məlumata görə, bank iki emissiya üzrə ümumilikdə 150 min ədəd istiqraz buraxıb. Hər bir istiqrazın nominal dəyəri 100 manatdır.
İlk emissiya üzrə 50 min ədəd istiqrazın ümumi nominal dəyəri 5 milyon manat, ikinci emissiya üzrə 100 min ədəd istiqrazın dəyəri isə 10 milyon manat təşkil edir.
Hər iki emissiya kütləvi təklif üsulu ilə yerləşdirilib və 19 oktyabr 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, ABB - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 78 filial və 9 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 43 000-dən, fiziki şəxslərin sayı isə 3 milyondan çoxdur. Bankda 4 000-dən çox işçi çalışır.
“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

