Bakı, 3 noyabr,
Avropa ölkələrində genişlənən etiraz aksiyaları və sosial narazılıq dalğası bir neçə günün və ya konkret hadisənin nəticəsi deyil. Bu proses uzun müddət ərzində formalaşan iqtisadi və sosial problemlərin, həyat səviyyəsinin aşağı düşməsinin, inflyasiyanın və hökumətlərin vətəndaşların tələblərinə adekvat cavab verə bilməməsinin təzahürüdür. Mövcud vəziyyət göstərir ki, ayrı-ayrı ölkələrdə yarımçıq tədbirlər və formal vədlər narazılığın qarşısını almaq üçün artıq kifayət etmir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
O qeyd edib ki, Avropa İttifaqına üzv ölkələrdə narazılıqlar uzun müddətdir müxtəlif formalarda özünü göstərir. Hökumətlər zaman-zaman müəyyən təşəbbüslərlə çıxış etsələr də, bu addımlar problemlərin köklü həllinə gətirib çıxarmayıb. Hazırda xüsusilə Fransa, Almaniya və İtaliyada vəziyyətin mürəkkəbləşməsi, eləcə də oxşar proseslərin digər Avropa ölkələrində genişlənməsi sosial problemlərin ümumi xarakter daşıdığını göstərir.
“Bahalaşma və inflyasiya əhalinin gündəlik həyatını çətinləşdirir. Əvvəllər hökumətlərin tətbiq etdiyi indeksasiya və sosial dəstək mexanizmləri indi əvvəlki təsirini göstərmir. Büdcə çatışmazlığı şəraitində qiymətlərin artırılması əsas çıxış yolu kimi təqdim olunur ki, bu da əhalinin narazılığını daha da gücləndirir. İnsanların aldıqları əməkhaqqı və müavinətlər əsas ehtiyaclarını tam ödəmədiyindən, yaranan maliyyə kəsiri borc yükünə çevrilir. Sosial problemlər bir-biri ilə sıx bağlı olduğundan, onların hər birinə ayrıca və səthi yanaşmaq vəziyyəti düzəltməyəcək”, - deyə politoloq qeyd edib.
T.Abbasov vurğulayıb ki, Fransada “sarı jiletlilər” hərəkatının təcrübəsi də göstərir ki, insanların tələbləri nəzərə alınmadıqda etirazlar genişlənə bilir. Rumıniya, Almaniya, İtaliya, Belçika və Niderlandda baş verən proseslər təsadüfi deyil. Bu ölkələrdə sosial və iqtisadi çətinliklərin oxşar olması etirazların yayılmasına zəmin yaradır. Hökumətlər problemlərin həlli üçün konkret proqramlar təqdim etməli, təhsil və sosial sahələrə ayrılan vəsaitləri artırmalı, vətəndaşların tələblərinə aydın cavab verməlidirlər. Əks halda, küçələrdəki narazılığın daha da kəskinləşməsi ehtimalı artır.

Siyasi rəhbərliyin dəyişməsi problemləri həll etmir
Siyasi şərhçi Avropadakı vəziyyətə enerji böhranı və beynəlxalq münaqişələrin də təsir göstərdiyini bildirib. Qeyd edib ki, körfəz regionunda baş verən proseslər enerji bazarlarında gərginliyi artırır. İranın asimmetrik müharibə üsullarına üstünlük verməsi və iqtisadi təsir imkanlarından istifadə etməsi beynəlxalq vəziyyətə təsir edən amillərdəndir. Bu şəraitdə ABŞ və Avropa ölkələrinin üzləşdiyi siyasi və iqtisadi çətinliklər daxili narazılıqları daha da dərinləşdirir.
T.Abbasov Ukrayna böhranının Avropa cəmiyyətlərində müzakirə mövzusuna çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Fransa, Almaniya və Britaniya kimi ölkələr Ukraynaya müxtəlif formalarda maliyyə və hərbi dəstək göstərdikləri halda, öz büdcələrindəki kəsirləri və sosial problemləri aradan qaldırmaqda çətinlik çəkirlər. Bu isə bəzi vətəndaşlarda belə bir sual yaradır: hökumətlər xarici siyasət prioritetlərinə vəsait ayırarkən, öz əhalisinin sosial ehtiyaclarını nə dərəcədə nəzərə alırlar? Avropa ölkələrində hökumətlər və dövlət strukturları məsuliyyətdən yayınmamalıdırlar. Vətəndaşlar yalnız ümumi vədlər deyil, konkret tədbirlər, onların maliyyə mənbələri və həyata keçirilmə müddətləri barədə aydın məlumat gözləyirlər.
“Fransada və digər ölkələrdə siyasi rəhbərliyin dəyişməsi, istefalar və yeni hökumətlərin formalaşması özlüyündə problemləri həll etmir. Əsas məsələ effektiv antiböhran proqramlarının hazırlanması və icrasıdır. Avropada artan sosial narazılığın qarşısını almaq üçün hökumətlər köhnə idarəetmə üsullarından imtina etməli, əhalinin real ehtiyaclarını əsas götürməlidirlər. İnsanların sosial təminatı, təhsil və humanitar sahələrdəki problemləri həll olunmadıqca, etirazların səngiməsi çətin görünür. Dövlətin əsas öhdəliyi vətəndaşların rifahını təmin etməkdir və bu məsuliyyət konkret qərarlar, ardıcıl tədbirlər və nəticələrlə təsdiqlənməlidir”, - deyə T.Abbasov əlavə edib.




