Çində litium fyuçersləri Avropa İttifaqı ilə hibrid avtomobillərin ixracının məhdudlaşdırılmasına dair razılaşmadan sonra kəskin ucuzlaşıb.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, bazar ertəsi Çində ən aktiv litium fyuçers müqaviləsinin qiyməti 10% azalaraq ton üçün 104 740 yuana, yəni təxminən 15 649 dollara düşüb.
Qiymətlərə təzyiq Çin və Aİ arasında əldə olunan razılaşmanın elektrikləşdirilmiş avtomobillərin Avropa bazarına ixracını zəiflədə və nəticədə akkumulyator istehsalında əsas xammallardan biri olan litiuma tələbi azalda biləcəyi ilə bağlı narahatlıqlardan qaynaqlanır.
“Goldman Sachs”ın proqnozuna görə, qlobal litium bazarı 2026-cı ilin dördüncü rübündə mövcud kəsirdən demək olar ki, balanslı vəziyyətə keçə bilər. Bank qarşıdakı iki ildə isə bazarda artıq təklifin yaranacağını gözləyir.
Buna səbəb kimi elektrikli avtomobillərə tələbin artım tempinin zəifləməsi və enerji saxlama sistemlərində genişlənmənin əvvəlki gözləntilərdən daha aşağı olması göstərilir.




