Paris yaxınlığında yuxarı sinif şagirdlərinin və tələbələrin yanacaq qiymətlərinin artmasına və yaşayışın bahalaşmasına qarşı növbəti etirazları başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirlyinin məlumatına görə, bütün ölkə üzrə ümumilikdə 15 mindən çox insanın iştirak etdiyi 65 aksiya keçirilir.
İştirakçılar üzərində "12 milyard avro - yeni təyyarədaşıyana deyil, təhsilə", "Pullar müharibələrə və milyarderlərə deyil, liseylərə", "Yaşasın tələbə etirazı" şüarları yazılmış plakatlar daşıyırlar.
Etiraz hərəkatına həmkarlar ittifaqları ilə yanaşı, tələbə və gənclər təşkilatları, həmçinin "sarı jiletlilər" hərəkatının tərəfdarları da qoşulublar.
Daha əvvəl Fransa hakimiyyətinin planlaşdırılan etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün bütün qüvvələrini səfərbər etdiyi bildirilmişdi. Ölkə üzrə asayişi təmin etmək üçün 70 minə yaxın polis və jandarm səfərbər edilib.
Hazırkı aksiya oktyabrın 17-si və 24-də Fransanın bir sıra şəhərlərində polislə toqquşmalar, dağıntılar və mağazaların qarət edilməsi ilə müşayiət olunan genişmiqyaslı çıxışların davamıdır. Müxtəlif hesablamalara görə, oktyabrın 24-dəki nümayişlərdə 800 minə qədər insan iştirak edib.



