Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin mümkün müharibəyə hazırlaşdığını, eyni zamanda hərbi qarşıdurmadan qaçmağa çalışdığını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Pul Pervoqo" Telegram kanalı məlumat yayıb.
Lukaşenko Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə Minsk və Moskvanın müharibədə maraqlı olmadığını vurğulayıb. O, müharibənin qarşısını almaq üçün daim hazır vəziyyətdə olmağın vacibliyini qeyd edib.
"Biz müharibəyə hazırlaşırıq, lakin ondan hər vəchlə yayınmağa çalışırıq. Nə bizə, nə də sizə müharibə lazımdır. Ancaq müharibənin baş verməməsi üçün hər zaman hazır olmaq lazımdır", – deyə Belarus lideri bildirib.
Lukaşenko bu fikirləri Rusiya və Belarusun İttifaq qüvvələrinin Belarusun qərb sərhədləri yaxınlığında yerləşdirilməsini izah edərkən səsləndirib.
Bundan əvvəl, oktyabrın 12-də Lukaşenko qonşu ölkələri Belarusla münasibətlərdə təhdidkar mövqedən çəkinməyə çağırıb. O, Polşa, Litva və Latviya da daxil olmaqla, qonşu dövlətlərlə əməkdaşlığın vacibliyini vurğulayıb.


