Avropa İttifaqı (Aİ) hibrid təhdidlərə qarşı təhlükəsizliyi gücləndirmək məqsədilə Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, Avropa Komissiyası 2027-ci ilin əvvəlində bu istiqamətdə yeni təklif təqdim etməyə hazırlaşır.
Aİ-nin daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner bildirib ki, əvvəllər ittifaqa səfər vizası alan Rusiya vətəndaşlarının sayında azalma müşahidə olunsa da, bu tendensiya artıq davam etmir. O, üzv ölkələri Rusiya vətəndaşlarına daha az viza verməyə çağırıb.
Brunner mümkün məhdudiyyətlərlə bağlı müzakirələrin davam etdiyini qeyd edərək, turistlərin əslində kim olduqlarını müəyyənləşdirməyin həmişə mümkün olmadığını vurğulayıb.
Bundan başqa, bəzi Aİ ölkələrinin Rusiya diplomatlarına qarşı məhdudiyyətlərin artırılması məsələsini də gündəmə gətirəcəyi gözlənilir. Polşa, İsveç və Estoniyanın da daxil olduğu bir qrup ölkə Ukraynadakı müharibədə iştirak etmiş keçmiş hərbçilər də daxil olmaqla, Rusiya vətəndaşları üçün viza qaydalarının sərtləşdirilməsini istəyir.
Məlumata görə, ötən il Rusiya vətəndaşlarına Şengen zonasına səfər üçün təxminən 478 min turist vizası verilib. 2022-ci ildən əvvəl isə bu göstərici ildə təxminən 4 milyon təşkil edirdi. Müharibənin başlamasından sonra viza məhdudiyyətləri ilə bağlı göstərişlərin verilməsi nəticəsində vizaların sayı kəskin azalıb.






