Hadisə · Baku.ws

42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam" xəbəri üçün şəkil

Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq vəsaiti leqallaşdırmaqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarda özlərini təqsirli bilmədiklərini bildiriblər.

Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Çingiz Cəfərli tikinti işi ilə məşğul olduğunu və briqadir işlədiyini deyib: "20 yanvar"da tanış olduğum Faiq Cabbarov adlı biri dedi ki, gəl iş görək. 2020-ci ildən 2024-cü ilə kimi bu işlə məşğul oldum; tutulana kimi 250 firma açıb satmışam. Hərəsini 500 manatdan satıb, o puldan özümə 150 manat götürüb qalanını təsisçiyə vermişəm. Axırda 2024-cü ildə vergi saxtakarlığından məni tutdular. Həbsdən çıxandan sonra dövlət büdcəsinə 24 300 manat ödəməli oldum. Alqı-satqını etibarnamə ilə etmişəm. Şirkəti ancaq satırdım, fəaliyyətlərindən xəbərim olmayb. Mühasibə 40 manat, tapdığımız təsisçiyə 350 manat verib şirkət yaradırdım. Tural, Məhərrəm, Anar və Şahinlə (təqsirləndirilən şəxsləri nəzərdə tutur - red.) "20 yanvar" da tanış olmuşam".

Təqsirləndirilənlərdən Tərxan Şirinov isə ilk həbsinin 2010-cu ildə olduğunu bildirib:

"Öz adıma 68 şirkət açdım, sonra gəlib məni həbs elədilər. Məhərrəm Hüseynovu dayım oğlu vasitəslə tanıdım. Mən şirkət açmamışam, satmamışam. Oturmuşdum Kürdəxanıda, prokurorluqdan gəlib apardılar, sonra da gördüyünüz kimi həbs olundum".

Növbəti iclas 4 dekabr 16:00-a təyin olunub.

Xatırladaq ki, ibtidai istintaqı Baş Prokurorluqda aparılan cinayət işi üzrə ittiham olunanlar Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Çingiz Cəfərli, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev, Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırmaqda ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstənin fəaliyyətini vahid mərkəzdən idarə edən Çingiz Cəfərli və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri dəstə halında 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri olaraq vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.

Dəstə üzvləri Dövlət Vergi Xidmətinin "www.e-taxes.gov.az" rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər.

Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 818 630.21 manat məbləğində maliyyə vəsaiti müxtli əqdlər həyata keçirilməklə leqallaşdırılıb.

Təqsirləndirilən dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4, 193.3.1, 193-1.3.1, 193-1.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑