Cəmiyyət · Bakupost.az

Restoranda hansı hallarda hesabı ödəməmək olar?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Restoranda hansı hallarda hesabı ödəməmək olar? xəbəri üçün şəkil

Restoran və kafelərdə müştərinin sifariş etdiyi yeməyin fərqli gətirilməsi, keyfiyyətsiz olması və ya yeməyin içindən yad cismin çıxması kimi hallar istehlakçıların narazılığına səbəb olur. Belə hallarda müştərinin yeməyi geri qaytarmaq və ödənişdən imtina etmək hüququ məsələsi gündəmə gəlir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakupost”a bildirib ki, restoran və kafelərdə müştərinin sifariş etdiyi yemək menyuda göstərilənlərə uyğun olmalıdır. Onun sözlərinə görə, əksər hallarda menyuda yeməyin tərkibinə daxil olan ət və digər komponentlərin miqdarı göstərilir. Bəzi menyularda isə yeməyin fotosu yerləşdirilir. Təqdim olunan yemək menyuda göstərilənlərə uyğun gəlmədikdə, müştəri ondan istifadə etmədən yeməyi geri qaytara bilər.
E.Hüseynov qeyd edib ki, müştəri yeməkdən istifadə etdiyi zaman onun içindən həşərat və ya başqa yad cisim çıxarsa, yeməyi qaytararaq yenisini sifariş edə və ya ödənişdən imtina edə bilər.
Eyyub Hüseynov vurğulayıb ki, qanunvericilikdə yeməyin içindən konkret hansı cismin çıxması halında onun geri qaytarılmasının mümkünlüyü ayrıca göstərilməyib. Onun sözlərinə görə, bu kimi hallar daha çox müəyyən biznes qaydaları və istehlakçının tələbatını ödəməyən xidmət prinsipi əsasında qiymətləndirilir.
O bildirib ki, qida və onun keyfiyyəti ilə bağlı problemlər yarandıqda istehlakçılar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. İstehlakçı hüquqlarının pozulması və xidmətlə bağlı digər problemlər barədə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etmək mümkündür. Agentliyin əlaqə nömrəsi 012 599 76 00-dur.
Vüsalə Hüseynova,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑