Bu avtomobillərlə bağlı mühüm xəbər - VAXTI BİTİR
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Azərbaycanda elektrikli avtomobillərə maraq artır. Bu zaman əsas məqamlardan biri də əlçatan və ucuz enerjidoldurma xidmətidir.
Bu ildən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışına tətbiq olunan vergi güzəştinin vaxtı bitir. Belə ki, bu məhsullara 2022-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV güzəşti tətbiq olunub.
Bəs güzəştin aradan qaldırılması enerji doldurma xidmətinə, onun qiymətlərinə və elektrikli avtomobillərə marağın ölçüsünə təsir edə bilərmi?
"Bakupost" xəbər verir ki, Nəqliyyat eksperti Eldəniz Cəfərli Ölkə.az-a açıqlamasında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri, xüsusən də elektromobillər və enerji doldurma məntəqələrinin yaradılması üçün lazım olan cihazların idxalına tətbiq olunmuş güzəştlərin davam etməli olduğunu deyib:
“Ölkəmizdə hazırda benzin və dizel mühərrikli avtomobillərə maraq böyükdür. Hibrid mühərrikli avtomobillərə də indi maraq artır. İdxal olunan avtomobillərin statistikasına baxdıqda isə hibrid avtomobillərin sayının artdığını, lakin elektromobillərin sayının azaldığını görürük. Biz çalışmalıyıq ki, elektromobillərin və hibridlərin sayı artsın. Yəni yalnız benzin və dizel yanacağından asılı olaraq nəqliyyat vasitələri istismar olunmasın. Elektrik mühərrikli avtomobillərin həm gətirilməsinə, həm də ölkə daxilində istismarına şərait yaradılmalıdır. Buna görə də, enerji doldurma məntəqələrinə tətbiq olunmuş güzəştlərin davam etdirilməsi düşünürəm ki, yaxşı olardı”.
Ekspert hesab edir ki, enerji doldurma məntəqələrinin yaradılması ilə bağlı da müəyyən dəyişikliklərə ehtiyac var: “Hər hansı bir məcburi qərarla yox, tövsiyə xarakterli qərarla hazırda mövcud olan yanacaq doldurma şirkətləri qarşısında məsələ qaldırıla bilər ki, əgər yanacaq doldurma məntəqəsi varsa, orada heç olmazsa bir cihaz elektrikli enerji doldurma cihazı olsun. Bu zaman düşünürəm ki, insanların elektrik mühərrikli avtomobillərə də marağı getdikcə artar. Çünki Bakıdan kənar ərazilərə, rayonlara, şəhərlərə səfər edərkən orada enerji doldurma məntəqəsinin olmayacağını və enerji ilə bağlı problem yaşaya biləcəyimizi düşünürük. Ona görə də, elektromobillərə qarşı maraq bir qədər azalır”.
E. Cəfərli vergi güzəştinin müddətinin uzadılmayacağı təqdirdə bunun qiymətlərə yox enerjidoldurma məntəqələrinin sayına təsir edəcəyini deyib:
“Düşünürəm ki, enerji doldurma məntəqələrində qiymət yüksəlsin, ancaq enerji doldurma məntəqələrinin yaradılmasına maraq azalacaq”.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
