"Bombaların Anası" gündəmdə: ABŞ və İsrail İrana qarşı daha dağıdıcı əməliyyatlara hazırlaşır?

İranın sayılıb-seçilən din xadimlərindən olan Ayətullah Məhəmməd Əli Cavedan tezliklə yeni müharibənin başlayacağı barədə proqnoz səsləndirib.
"Bakupost" xəbər verir ki, o, ABŞ və İsraili nəzərdə tutaraq bu dəfə düşmənin ölkənin bütün bölgələrini hədəfə alacağını bildirib.Ayətullah Cavedanın sözlərinə görə, İranın Ali Rəhbəri Müctəba Xamenei, Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibaf da daxil olmaqla, siyasi elita terrora məruz qalacaq.
Siyasi şərhçi Xəqani Cəfərli “Bakupost”a bildirib ki, ehtimal edilən müharibə əvvəlkindən daha dağıdıcı ola bilər:
“ABŞ və İsrailin İrana qarşı qısa müddətli hərbi müdaxilə edəcəyi, bu müdaxilənin əvvəlki hərbi əməliyyatlarla müqayisədə daha dağıdıcı olacağı haqqında məlumatlar yayılıb. ABŞ prezidenti Donald Tramp da İrana qarşı GBU-43/B bombalarından istifadə edilə biləcəyini bildirib. “Bombaların anası” ünvanını almış GBU-43/B bombaları ən böyük dağıdıcılıq gücü olan adi silahdır. Bu məlumatlar onu göstərir ki, ehtimal olunan müdaxilə çox dağıdıcı ola bilər”.
Ekspertin sözlərinə görə, dövlətin iflic olması üçün idarəetmənin pozulması əsas şərtlərdən biridir:
“Bu mənada Ayətullah Məhəmməd Əli Cavedanın fikirləri doğru ola bilər”.
Bununla yanaşı, müsahibimiz düşünür ki, Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibafın adının da öldürüləcək şəxslər siyahısında olması bir qədər az ehtimal olunandır.
Ekspert məlumatlara istinadən hesab edir ki, bu dəfəki müdaxilənin əsas hədəfi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) olacaq:
“SEPAH-ın dağıdılması İranda rejim dəyişikliyinin əsas şərtidir. Ona görə də Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibafdan fərqli olaraq SEPAH rəhbərliyinin əsas hədəf olacağını proqnozlaşdırmaq mümkündür”.
Həmsöhbətimizin fikrincə, Cavedanın fikirləri SEPAH tərəfindən Pezeşkian və Qalibafa qəsd edilə biləcəyinə şübhə yaradır:“Bu şəxslərin həyatlarının təhlükədə olması haqqında fikirlər mövcuddur. Xüsusilə Pezeşkianın varlığı və siyasəti İran hərbi-siyasi elitasında bir çoxlarını qəzəbləndirir”.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



