Azərbaycanda kredit götürmək çətinləşə bilər

Azərbaycanda bank olmayan kredit təşkilatlarında (BOKT) risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər kreditlərin verilməsi şərtlərinə və problemli kreditlərin səviyyəsinə təsir göstərə bilər.
Bank-maliyyə eksperti Əkrəm Həsənov “Bakupost”a bildirib ki, BOKT-larda risklərin idarə edilməsi sistemi, xüsusilə kredit risklərinin qiymətləndirilməsi mexanizmi hazırda da mövcuddur. Onun sözlərinə görə, Mərkəzi Bank bu sistemi daha da gücləndirməyə çalışır.
Ekspert izah edib ki, BOKT-lar kredit verərkən əsasən öz vəsaitlərindən deyil, cəlb etdikləri vəsaitlərdən istifadə edirlər. Başqa sözlə, onlar müəyyən mənbələrdən, o cümlədən banklardan vəsait götürür, daha sonra həmin vəsaitləri kredit şəklində təqdim edirlər. Beləliklə, BOKT-lar başqalarından cəlb etdikləri vəsaitləri kreditə yönəldərək riskə gedirlər.
Əkrəm Həsənovun sözlərinə görə, verilən kreditlər geri qaytarılmadıqda BOKT-lar maliyyə çətinliyi ilə üzləşə bilərlər. Çünki borcalanların kreditləri ödəməməsi təşkilatların özlərinin banklardan və digər mənbələrdən götürdükləri borcları qaytarmaq imkanlarına da mənfi təsir göstərir.
Ekspert qeyd edib ki, Mərkəzi Bankın BOKT-larla bağlı müəyyən tələbləri artıq mövcuddur. Bunlara aktivlərin təsnifləşdirilməsi, mümkün itkilər üçün ehtiyatların yaradılması və bir borcalana verilə biləcək kreditin maksimal həddinin müəyyənləşdirilməsi daxildir.
O bildirib ki, hazırda hansı konkret dəyişikliklərin nəzərdə tutulduğunu dəqiq bilməsə də, risklərin idarə edilməsi sisteminin daha da inkişaf etdirilməsi və gücləndirilməsi problemli kreditlərin artmasının qarşısını almağa xidmət edə bilər.
Əkrəm Həsənov əlavə edib ki, bu proses BOKT-ların kredit verərkən daha sərt tələblər tətbiq etməsi ilə də nəticələnə bilər.
Vüsalə Hüseynova,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

