Siyasət · Bakı Xəbər

Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar... xəbəri üçün şəkil



Serbiyada keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsini dəyişib. Tələbə etirazlarının ardınca yaranan "Tələbə siyahısı" hərəkatı seçkidə qalib gəlib, 12 il hakimiyyətdə olan Serbiya Tərəqqi Partiyası isə məğlubiyyətini qəbul edib.

Serbiyada parlament seçkilərinin qalibi hökumət əleyhinə kütləvi etirazların fonunda yaranmış "Tələbə siyahısı" olub. "Tələbə siyahısı" 250 yerlik parlamentdə 140 mandat, Serbiya Tərəqqi Partiyası isə 103 mandat əldə edir. Qalan yeddi yer milli azlıqları təmsil edən partiyalar arasında bölüşdürülür. Aleksandar Vuciç yekun nəticələr açıqlanmadan məğlubiyyətini qəbul edib. O, 2014-2017-ci illərdə baş nazir, 2017-2026-cı illərdə isə prezident olub. Sentyabrda istefa verərək növbədənkənar parlament seçkiləri elan etmişdi. Seçkidə iştirak da diqqətçəkən olub: təxminən 70 faiz seçici səs verib. Ekspertlər bunu "Tələbə siyahısı"nın qələbəsində mühüm amillərdən biri hesab edir. Seçkiqabağı sorğular tərəflərdən heç birinin rahat qələbəsini göstərmirdi. Lakin "Tələbə siyahısı" seçki kampaniyasında xüsusilə seçicilərlə birbaşa ünsiyyətə üstünlük verib. Polşa Elmlər Akademiyasından Marta Şpala BBC-yə deyib ki, yeni siyasi qüvvənin uğurunda qapı-qapı aparılan kampaniya və seçkinin müşahidəsinin yaxşı təşkil olunması mühüm rol oynayıb. Belqrad Universitetinin professoru Milan Krstiç isə tələbə hərəkatının daha əvvəl siyasi proseslərdən uzaq qalan insanları fəallaşdırdığını deyir. Onun fikrincə, qələbənin miqyası təəccüblü ola bilərdi, amma qələbənin özü gözlənilməz deyildi. Beləliklə, seçki yalnız hakim partiyanın səs itirməsi ilə deyil, eyni zamanda yüksək seçici fəallığı və etiraz hərəkatının seçki kampaniyasına çevrilməsi ilə nəticələnib. Adına baxmayaraq, siyahıda demək olar ki, tələbə yoxdur. Bu, hərəkatın şüurlu seçimidir. Məqsəd tələbə etirazlarının yaratdığı siyasi enerjini müxtəlif sahələrdə təcrübəsi olan şəxslərin namizədliyi ilə birləşdirmək olub. "Tələbə siyahısı"nın əsasını elm adamları və qəribədir ki, əsasən tibb mütəxəssisləri təşkil edir. Siyahıya kardiologiya professoru İlya Srdanoviç başçılıq edir. Namizədlər arasında, professorlarla yanaşı, keçmiş basketbolçu Deyan Bodiroqa, aktyor Tihomir Stani, opera müğənnisi Nikola Mikiç və Serbiya Milli Bankının keçmiş rəhbəri Deyan Şoşkiç də var. Şoşkiç mümkün baş nazir namizədlərindən biri kimi göstərilir. İndi əsas suallardan biri tələbə hərəkatı ilə onun siyahısından seçilən deputatların münasibətlərinin necə qurulacağıdır. Marta Şpala hesab edir ki, qərarların əslində kim tərəfindən veriləcəyi - tələbə hərəkatı, hökumət, yoxsa parlament tərəfindən - yeni siyasi sistemin əsas sınaqlarından biri olacaq.

"Tələbə siyahısı" seçki kampaniyasında əsasən korrupsiya ilə mübarizə, media islahatları və dövlət institutlarında dəyişikliklər vəd edib. Onların vədləri arasında milli yayımçının siyasi nəzarətdən azad edilməsi və Daxili İşlər Nazirliyində islahatlar da var. Belqrad Universitetinin professoru Neboyşa Vladisavleviç seçkinin Serbiya siyasətində çox böyük dəyişiklik yaratdığını düşünür və nəticəni ölkənin siyasi mənzərəsini tamamilə dəyişən hadisə kimi qiymətləndirir. Lakin yeni hakimiyyət üçün əsas məsələ seçki kampaniyasında verilmiş vədləri real islahatlara çevirmək olacaq. "Tələbə siyahısı" daxili siyasət, korrupsiya və demokratik institutlar barədə daha çox danışsa da, xarici siyasətdə hansı xətti seçəcəyi barədə daha az məlumat verib. Yeni hökumət Serbiyanın üç mühüm tərəfdaşı ilə münasibətlər arasında balans axtarmalı olacaq: Çin böyük investorlarından biridir, Rusiya ənənəvi müttəfiq və əsas təbii qaz təchizatçısıdır, Avropa İttifaqı isə ölkənin əsas ticarət tərəfdaşıdır. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ qanunun aliliyi, media azadlığı, korrupsiya ilə mübarizə və demokratik institutların gücləndirilməsi istiqamətində islahatları dəstəkləməyə hazırdır. Kremlin sözçüsü Dmitri Peskov isə yeni siyasi qüvvənin Rusiya ilə münasibətləri davam etdirməsinin Serbiyanın maraqlarına uyğun olacağına ümid etdiyini bildirib. Bu səbəbdən, seçkidən sonra Serbiyanın qarşısındakı əsas suallardan biri təkcə Vuciçdən sonrakı daxili siyasi sistemi necə quracağı deyil, həm də Avropa İttifaqı, Rusiya və Çin arasında indiyədək apardığı balans siyasətini necə davam etdirəcəyidir.

Samirə SƏFƏROVA

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑