“Mədəniyyət heç vaxt münaqişənin hədəfinə çevrilməməlidir”.
Bu sözləri Yenicag-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
P. Vəliyeva Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxışını təhlil edib:
“Azərbaycan əsrlər boyu tolerant və multikultural ölkə kimi tanınıb. Ölkəmiz müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dini ənənələrin qovuşduğu coğrafiyada yerləşir. Əsrlər boyu müxtəlif ölkələrdən gələn ticarət karvanları qədim İpək Yolu vasitəsilə Azərbaycandan keçib. Bu karvanlar yalnız malları deyil, həm də müxtəlif ideyaları, ənənələri və mədəni təsirləri gətiriblər. Ona görə də müxtəliflik bizim üçün yeni anlayış deyil. Biz tarixən müxtəlif mədəniyyət və ənənələrin nümayəndələri ilə birgə yaşamışıq və bu müxtəliflik milli kimliyimizin mühüm hissəsinə çevrilib.
Mədəniyyətlərarası dialoqdan danışarkən bu məqam xüsusilə vacibdir: dialoq cəmiyyətlərin öz daxilində mövcud olmalıdır. Azərbaycan üçün mədəniyyətlərarası dialoq həm tarixi təcrübə, həm də müasir siyasətin mühüm istiqamətidir.
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı zamanı mədəni irsin qorunması məsələsinə, ərazilərimizin təxminən 30 il davam edən işğalı dövründə çoxsaylı tarixi və dini əhəmiyyətə malik abidələrimizin qəsdən dağıdılması, yandırılması və vandalizmə məruz qalması faktlarına da toxunub.
İşğal dövründə Ermənistan tərəfindən qəbiristanlıqlar, məscidlər, məqbərələr və digər dini-mənəvi irs nümunələri, bəzi hallarda isə Azərbaycanın İslam irsi ilə bağlı kitabələr və simvollar da məhv edilib. Bəzi mədəni irs obyektlərinin ətrafına və hətta daxilinə minalar yerləşdirilib. Bu əməllər yalnız fiziki abidələrə deyil, həm də tarixi yaddaşa və mədəni kimliyə zərər vurmaq məqsədi daşıyıb. Bu gün də azad edilmiş ərazilərin genişmiqyaslı minalarla çirkləndirilməsi mədəni irs obyektlərinin hərtərəfli qeydiyyata alınmasına, qiymətləndirilməsinə və qorunmasına ciddi maneələrdən biridir.
Mədəniyyət heç vaxt münaqişənin hədəfinə çevrilməməlidir. Mədəni irs təhlükə altında olduqda, əslində kollektiv yaddaşımız təhlükə altına düşür. İrs keçmişimizi, bu günümüzü və gələcəyimizi bir-birinə bağlayır. Söhbət kimlikdən, yaddaşdan və icmaların nəsildən-nəslə ötürdüyü hekayələrdən gedir.”
P. Vəliyeva qeyd edib ki, dünyanın heç bir yerində mədəni irs müharibələrin qurbanına çevrilməməlidir:
“Ona görə də mədəni irs heç vaxt cinayətin, dağıntının və ya terrorun hədəfinə çevrilməməlidir. Silahlı münaqişələr zamanı mədəni irsin qorunması yalnız siyasi məsələ deyil, həm də beynəlxalq hüquqla müəyyən edilmiş öhdəlikdir. Bu sahədə mühüm beynəlxalq sənədlər mövcuddur. Onların sırasında YUNESKO-nun 1954-cü il Silahlı Münaqişələr Zamanı Mədəni Sərvətlərin Mühafizəsi haqqında Haaqa Konvensiyası, 1972-ci il Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyası və 1992-ci il Arxeoloji İrsin Mühafizəsi haqqında Avropa Konvensiyası, eləcə də digər beynəlxalq sənədlər xüsusi əhəmiyyət daşıyır.
İşğal dövründə bu prinsiplər Azərbaycana münasibətdə ciddi şəkildə pozulub, ikili standartlar tətbiq edilib. Bu gün Azərbaycan münaqişədən təsirlənmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Mədəni irs bu prosesin mühüm istiqamətlərindən biridir. Bərpa yalnız infrastrukturun yenidən qurulması demək deyil, həm də həmin ərazilərin tarixi və mədəni mühitinin bərpası deməkdir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu təcrübənin müzakirəsi üçün mühüm imkan yaradır. Forum çərçivəsində Azərbaycanın münaqişədən təsirlənmiş ərazilərdə maddi və qeyri-maddi mədəni irsin bərpası ilə bağlı təcrübəsinin müzakirəsi də nəzərdə tutulur. Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri də proqramın bir hissəsidir. Bununla iştirakçılar bu məsələləri yalnız təqdimatlar və hesabatlar vasitəsilə deyil, həm də birbaşa yerində görmək imkanı əldə edəcəklər.”
Nurlan Cəfəri





