Ermənistanda Rusiyanın mövqelərinin laxlaması yönündə fəal siyasət yürüdən Qərb ölkələri Moskvanın burada daha bir mühüm iqtisadi dayağını sarsıdırlar.
Söhbət Rusiyanın nəzarətində olan Ermənistan dəmir yolları üzərində Moskvanın idarəçiliyinə son verilməsindən gedir. Son aylarda Ermənistan bu xüsusda Rusiya ilə imzalanmış müqavilənin ləğvi, idarəçiliyin başqa ölkəyə verilməsinin vacibliyi ilə bağlı rəsmi mövqeyini Moskvanın diqqətinə çatdırıb. Amma Rusiya imzalanmış müqavilənin icrasının davam etdirilməsini istəyir və dəmir yolları üzərində nəzarətin Ermənistana qaytarılması, yaxud da hansısa üçüncü ölkəyə verilməsinə qarşı çıxır. Elə bu da iki ölkə arasında dəmir yolu məsələsində də ziddiyyətin dərinləşməsinə səbəb olur. İndi tərəflərdən heç biri mövqeyindən geri çəkilmək istəmir. Buna paralel olaraq, Qərb dövlətləri, xüsusən də ABŞ Ermənistanı ölkənin dəmir yolları üzərində Rusiya nəzarətinə son qoyması üçün tələsdirir.
Həmişəki kimi yenə Ermənistanın taleyi ilə bağlı məsələlərə dair qərarlar bu ölkədən kənarda verilir. Müxtəlif beynəlxalq güclərin Ermənistana dair fərqli qərarları və onların icrası üçün İrəvana təzyiqləri sözügedən ölkəni indi geosiyasi rəqabətin əsas məkanlarından birinə çevirib. Ermənistan dəmir yollarına nəzarətlə bağlı son vəziyyət də bunun növbəti təzahürüdür.
Xatırladaq ki, son aylarda mövcud Ermənistan hakimiyyəti dəmir yollarına nəzarətin Rusiyadan geri alınması ilə bağlı xüsusi aktivlik nümayiş etdirir. Növbəti dəfə bu mövzuya qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Rusiya ilə dəmir yolunun idarə olunması üzrə güzəşt müqaviləsini ləğv etmək üçün bütün hüquqi əsasları var. Bu açıqlama o kontekstdə verilib ki, Rusiya İrəvanın istəklərinə uyğun olaraq, Ermənistanın dəmir yolları üzərində idarəçiliyinə son qoymaq istəmir və ən azı 2038-ci ilə qədər burada nəzarəti özündə saxlamağa çalışır. Moskvanın bu yanaşmasını qəbul etmək istəməyən Ermənistan hökumət başıçısı isə Kremli müvafiq müqaviləni ləğv etməklə hədələyir. Paşinyanın sözlərinə görə, sazişi ləğv etmək üçün lazımi hüquqi sənədlər mövcuddur. Baş nazir bildirib ki, hökumətin güzəşt müqaviləsini ləğv etmək üçün bütün lazımi vasitələri və hətta əsaslandırması var. Ermənistan hökuməti vaxtı çatanda bunu elan edəcək. Elə Ermənistanın özündə yayılan məlumatlara əsasən, Paşinyanın bu hədə və israrlarının arxasında ABŞ dayanır və İrəvan okeanın o tayından gələn təlimatları icra edir. Ermənistanlı iqtisadçı Qrant Mikaelyan qeyd edir: “Bu gün Ermənistan dəmir yollarının idarə olunması məsələsi ABŞ-nin də xüsusi maraq dairəsindədir. ABŞ bunun Rusiyanın nəzarətindən çıxmasını istəyir. Buna görə də Ermənistanın Baş naziri idarəçiliyin üçüncü ölkəyə verilməsi məsələsini qaldırır. Hər şey amerikalıların Rusiyanın bu dəmir yollarını idarə etməsini istəməməsindən irəli gəlir. Amma düşünmürəm ki, nəzarəti itirmək Rusiya üçün faydalıdır. O səbəbdən dəmir yollarının taleyi ilə bağlı Ermənistanı mürəkkəb dövr gözləyir”.
Ermənistan açıq şəkildə bəyan edir ki, ölkənin dəmir yolu şəbəkəsinin Rusiyanın nəzarətində olması xarici investorları bu sahəyə sərmayə yatırmaqdan çəkindirir. İrəvan beynəlxalq daşıyıcıların və investorların Rusiya operatoru ilə əlaqəli sanksiya riskləri səbəbindən belə mövqedən çıxış etdiyini bildirir. Bu səbəbdən İrəvan dəmir yolları konsessiyanın həm Ermənistan, həm də Rusiya üçün məqbul olacaq üçüncü ölkəyə verilməsini təklif edir. Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər mümkün variantlar kimi qeyd olunur. Rusiya isə Ermənistanın bu istəyi ilə razılaşmır və İrəvana müxtəlif formada xəbərdarlıqlar ünvanlayır. Bununla belə, Moskvada da artıq qəbul edirlər ki, ABŞ başda olmaqla, məhz Qərbin təkidi ilə Ermənistan dəmir yolları üzərində idarəçiliyi Rusiyadan geri almaq istəyindən vaz keçməyəcək. Rusiya XİN-in MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bildirir: “Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışan Qərb Ermənistana böyük yük axını və dəmir yolu infrastrukturuna investisiyalar vəd edir. Qərbdən olanlar Ermənistan rəhbərliyinə Rusiya ilə əməkdaşlığın toksikliyi barədə arqumentlər təqdim etməyə çalışırlar. Hətta İrəvanı iqtisadi dəstək, obrazlı deyilsə, qızıl dağlar vədləri qarşılığında Rusiya əleyhinə sanksiyalara qoşulmağa məcbur etməyə can atırlar. Amma Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin perspektivlərini qiymətləndirərkən ilk növbədə coğrafiya və iqtisadiyyatı nəzərə almaq lazımdır. Qərb və Ermənistan daim bunu nəzərə almalıdır”. Bu açıqlamadan bir daha aydın şəkildə üzə çıxır ki, Rusiya Ermənistanla dəmir yolları məsələsində yaranmış ziddiyyətdə geosiyasi çalarlar görür. Elə bu da Moskvanın mövqeyində israrlılıq nümayiş etdirməsinə, idarəçiliyi hər vasitə ilə əlində saxlamasına əlavə zəmin yaradır. Yəni Rusiya Ermənistan uğrunda Qərblə kəskinləşən rəqabətdə asanlıqla məğlub olmaq istəmir. Bu, həm də Moskvanın Qafqaz üzərindən İran və Fars körfəzi limanlarına çıxış strategiyasına ziddir. Rusiyalı ekspert Andrey Areşev qeyd edir: “Ermənistan hazırda Qərb nəqliyyat layihələrinə inteqrasiya etməyə çalışır. Bu layihə TRIPP-i, Türkiyə ilə sərhədə qədər dəmir yollarının bərpasını da nəzərdə tutur. Lakin ölkənin dəmir yolu Rusiyanın nəzarəti altında qalsa, Ermənistanın beynəlxalq tərəfdaşları İrəvanı arxa plana atacaqlar. Paşinyan bunu başa düşür və buna görə də məsələyə yenidən açıq şəkildə qayıdır. Amma Rusiya üçün dəmir yolu nəqliyyat sektorunda Ermənistan üzərində qalan azsaylı təsir vasitələrindən biridir. Həm də Moskva güzəştə gedərsə, Rusiyanı İran və Fars körfəzi limanları ilə birləşdirən Qafqaza aparan əsas marşrut üzərində nəzarəti itirəcək”.
Samirə SƏFƏROVA



