Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin (Charles Veley) rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzura səfərə gələn beynəlxalq səyyahlar ilk olaraq Xocavənd rayonundakı qədim yaşayış məskəni olan Azıx mağarasını ziyarət ediblər.
Səfərin ilk dayanacaq məntəqəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Nihad Rəhimli qonaqlara mağara haqqında ətraflı məlumat verib. Bildirilib ki, Xocavənd rayonunda yerləşən Azıx mağarası Cənubi Qafqazın ən böyük əhəngdaşı mağarası və Avrasiyanın ən qədim insan məskənlərindən biridir.
Diqqətə çatdırılıb ki, işğal dövründə – 2002-ci ildən etibarən mağarada Ermənistan arxeoloqları tərəfindən xarici tədqiqatçıların iştirakı ilə Azərbaycanın razılığı olmadan qanunsuz qazıntılar aparılıb, əldə olunan tapıntılar Ermənistana daşınıb. Bu qanunsuz əməllər 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il İkinci Protokolunun və Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir.
Qeyd edək ki, budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və s.) 40-a yaxın nümayəndə daxildir. Səfər proqramına Azərbaycanın qədim tarixini özündə əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.
Bu, dünyanın əsas səyyah klublarının 2021–2026-cı illər ərzində Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil olunan 17-ci səfəridir. Belə səfərlər beynəlxalq heyətlərə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmaq imkanı yaradır.
ZÜMRÜD






