“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti”. Bu sözləri hələ ötən ay prezident İlham Əliyev Bakıda Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti, bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”. Avropa Parlamentinin özündə üzə çıxan korrupsiya qalmaqalları, xarici təsir iddiaları və bir sıra ölkələrə, o cümlədən Azərbaycana münasibətdə qəbul edilən əsassız qətnamələr bu qurumun fəaliyyətində şəffaflıq, obyektivlik və ikili standartlar məsələsini gündəmə gətirib. Xüsusən də 2022-ci ilin dekabrında üzə çıxan “Qatargate” qalmaqalı Avropa Parlamentinin tarixində ən çox müzakirə edilən korrupsiya hadisələrindən biri oldu. Belçikanın hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri və onlarla əlaqəli şəxslərin Qətər və Mərakeşin maraqlarına xidmət etmək müqabilində pul və digər üstünlüklər əldə etməsi ehtimallarını araşdırmağa başladı. Qalmaqal çərçivəsində parlamentin keçmiş vitse-prezidenti Yeva Kaili də saxlanılan şəxslər arasında idi. İstintaq zamanı böyük məbləğdə nağd pulun aşkar edilməsi hadisəyə beynəlxalq diqqəti daha da artırdı. İş Avropa institutlarında xarici dövlətlərin təsir imkanları, siyasi qərarların müstəqilliyi və lobbiçilik fəaliyyətinin nə dərəcədə şəffaf olması barədə ciddi suallar yaratdı. “Qatargate” Avropa Parlamentinin öz daxilində korrupsiya risklərinin mövcud ola bildiyini və nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac yarandığını göstərdi. Qalmaqaldan sonra parlament şəffaflıq və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı qaydaları sərtləşdirmək istiqamətində addımlar atdı.
Bu hadisə mühüm bir prinsipə diqqət çəkir: digər dövlətlərə demokratiya və şəffaflıq barədə tövsiyələr verən siyasi institutlar öz fəaliyyətlərində də eyni standartlara əməl etməlidirlər. Heç kimə sirr deyil ki, Avropa Parlamenti kimi qurumlar insan hüquqlarına çoxdan universal prinsip kimi deyil, ayrı-ayrı ölkələrə siyasi təzyiq vasitəsi kimi yanaşır. İkili standartların tətbiqi də elə bu yanaşmadan irəli gəlir. Məsələn, nədənsə Fransa liseylərindəki problemlərə etiraz edən şagird və müəllimlərə qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən və rezin güllələrdən istifadə edilməsi, polisin etirazçılara atdığı qumbaranın bir yeniyetməni yaralaması, 5 mindən çox aksiya iştirakçısının saxlanılması Avropa Parlamentində müzakirə olunmur, ancaq Avropa İttifaqına üzv olmayan fərqli ölkələrdə ayrı-ayrı şəxslərin qanun qarşısında cavab verməsi bu qurumu "narahat edir". Bəs dinc nümayişçi və jurnalistlərə qarşı polis tərəfindən ifrat güc tətbiq edildiyi, qanunsuz həbslərin həyata keçirildiyi, etiraz hüququnun məhdudlaşdırıldığı Yunanıstanla bağlı nə üçün qətnamə qəbul edilmir? Ermənistanın işğal siyasətinə görə uzun illər ərzində sanksiya tətbiq etməyən Avropa strukturlarının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra ölkəmizə qarşı addımlar atması ikili standartların göstəricisidir. Ümumiyyətlə, Avropa Parlamentinin Azərbaycanla bağlı hər bir qətnaməsi bəzi dairələrin sifarişinə, qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Azərbaycan tərəfi isə hər zaman bu cür qərəzli yanaşmalara qarşı prinsipial mövqe sərgiləyib. Bu addım Azərbaycanın suveren hüquqlarını qorumaq və milli maraqlarını müdafiə etmək baxımından tam əsaslıdır. Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil, balanslı və prinsipial xarici siyasət yürüdür. Ölkəmiz heç bir təzyiq qarşısında geri çəkilmir və öz milli maraqlarını qətiyyətlə müdafiə edir.
Tahir TAĞIYEV



