"Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu 1980-ci ildən fəaliyyət göstərir. Qoruq Lahıc qəsəbəsinin tarixi formalaşmış hissəsinin mühafizəsi ilə məşğuldur. Qəsəbənin ümumi ərazisi daha böyük olsa da, onun 80 hektarı qoruğun ərazisinə, yəni tarixi formalaşmış hissəsinə daxildir”
Bu sözləri Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Əliyev Nəzər deyib. O bildirib ki, ərazimizdə yüzə yaxın tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb və qorunur:
"Ərazimizdə yüzə yaxın tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb və qorunur. Onların arasında beş məscid, su dəyirmanı, bir neçə ictimai hamam və 60-dan çox yaşayış evi var. Bu evlərin bəzilərinin 300–400 il əvvəl inşa edildiyi ehtimal olunur.
Qoruq ərazisindəki küçə və dalanlar çay daşı ilə döşənib. Bu döşəmələrin altında təxminən 700–800 il əvvəl yaradıldığı bildirilən kürəbənd sistemi mövcuddur. Ayrı-ayrı hissələrdə kiçik təmir işləri aparılsa da, sistemin əsas hissəsi bu günədək işlək vəziyyətdədir.
Lahıc turistlər üçün cəlbedici məkandır. Bura Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Qəsəbəmiz həm tarixi, həm də xalq sənətkarlığı ənənələri ilə seçilir. Vaxtilə Lahıcda xalq sənətkarlığının 40-a yaxın növü mövcud olub. Hazırda onların 9–10 növü yaşamaqdadır. Həyatın tələbləri və müxtəlif səbəblərdən bəzi sənət sahələri unudulub, bəzilərinə isə ehtiyac qalmayıb. Bununla belə, ən məşhur sənət növləri bu gün də davam etdirilir”.
O qeyd edib ki, Lahıcın ən məşhur sənəti misgərlikdir:
"Lahıcın ən məşhur sənəti misgərlikdir. Bəzən Lahıc toponiminin mənası misgərliklə əlaqələndirilir. Bu sənət bu gün də yaşayır. Vaxtilə Lahıc mis tacirlərinin ticarət şəbəkəsi yalnız Azərbaycanla məhdudlaşmır, Dağıstan, Gürcüstan, Türkiyə, İran, Türkmənistan, Özbəkistan və hətta İraqa, Bağdada qədər uzanırdı. Lahıc ustaları bu geniş ərazidə evlərdə, xüsusilə mətbəxlərdə istifadə olunan mis qab-qacağı hazırlayıb təmin edirdilər.
Lahıcın özünəməxsus cəhətlərindən biri də odur ki, ətraf ərazilərdə mis filizi xammal kimi mövcud olmayıb. Filizləri buraya uzaq ərazilərdən, o cümlədən Zod və Alaverdi mədənlərindən, eləcə də indiki Kəlbəcər ərazisindən karvanlarla gətirirdilər. Burada filizi təmizləyib emal edirdilər”.
Şahanə Ziyad



