Slovakiyanın mərkəzi hissəsində yerləşən "Moxovtse” Atom Elektrik Stansiyasının (AES) dördüncü enerji bloku ölkənin milli elektrik şəbəkəsinə qoşulub.
Bu barədə Slovakiyanın "Dennik N” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, yeni enerji bloku tam gücü ilə fəaliyyətə başladıqdan sonra ölkədə istehlak olunan elektrik enerjisinin təxminən 13 faizini istehsal edəcək.
Dördüncü enerji blokunun işə salınması prosesinə iyunun 29-da başlanılıb. Həmin vaxt sovet texnologiyası əsasında inşa edilmiş reaktora nüvə yanacağının yüklənməsinə start verilib.
Məlumata görə, nüvə yanacağı Rusiyanın "Rosatom” dövlət korporasiyasına daxil olan qurum tərəfindən tədarük edilib.
Yeni enerji blokunun tikintisinə 6,7 milyard avro vəsait xərclənib. Onun istehsal gücü təxminən 470 meqavat təşkil edəcək.
Dördüncü enerji blokunun tam istismara verilməsindən sonra Slovakiyada elektrik enerjisi istehsalında atom energetikasının payının 77,5 faizə çatacağı gözlənilir.
Qeyd edək ki, Slovakiyada "Moxovtse” və "Bohunitse” adlı iki atom elektrik stansiyası fəaliyyət göstərir. Hər iki stansiya Moskvanın dəstəyi ilə inşa edilib. ///teleqraf///






