Xəbər verdiyimiz kimi, Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcək.
Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə bildirib.
Qeyd edək ki, Azərbaycan 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulub. 2026-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən görüşdə bu formatda ilk dəfə tamhüquqlu iştirakçı kimi iştirak edib.
Azərbaycanın 2027-ci ildə bu platformaya sədr seçilməsi ölkənin son illərdə beynəlxalq və regional təşkilatlarda artan sədrliyi fonunda diqqət çəkir.
AZXEBER.COM Azərbaycanın son 20 il ərzində hansı beynəlxalq təşkilat və platformalara sədrlik etdiyini araşdırıb.

Qoşulmama Hərəkatı – 2019–2023
Azərbaycanın son 20 ildə ən uzunmüddətli və genişmiqyaslı sədrliyindən biri Qoşulmama Hərəkatı ilə bağlı olub. Azərbaycan 2016-cı ildə Venesuelada keçirilən Qoşulmama Hərəkatının Zirvə Görüşündə 2019–2022-ci illər üçün təşkilata sədr seçilib. Sədrliyin başlanğıcı 2019-cu ilin oktyabrında Bakıda keçirilən XVIII Zirvə Görüşünə təsadüf edib. Daha sonra üzv dövlətlərin qərarı ilə Azərbaycanın sədrliyi 2023-cü ilə qədər uzadılıb. Beləliklə, Azərbaycan dörd il ərzində 120 üzv dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına rəhbərlik edib.

CICA – 2024–2026
Azərbaycan hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirəyə (CICA) də sədrlik edir. Azərbaycanın CICA sədrliyi 2024–2026-cı illəri əhatə edir. Ölkə bu müddətdə təşkilatın institusional inkişafı, bağlantı, rəqəmsallaşma və Asiyada dayanıqlı inkişaf məsələlərini prioritet istiqamətlər kimi müəyyənləşdirib. Sədrliyin əsas tədbirlərindən biri 2026-cı ildə Bakıda keçiriləcək CICA dövlət və hökumət başçılarının Zirvə Görüşüdür.

İqtisadi Əməkdaşlıq Təşkilatı – 2006–2009 və 2012–2013
Azərbaycan son 20 ildə İqtisadi Əməkdaşlıq Təşkilatına da bir neçə dəfə sədrlik edib. 2006-cı ildən başlayan sədrliyin növbəti illərdə davam etdiyi dövrdə Azərbaycan təşkilat daxilində regional iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji məsələlərinə diqqət yetirib. 2012-ci ildə isə sədrliyin yenidən Azərbaycana keçməsi ilə Bakıda ECO-nun XII Zirvə toplantısı keçirilib. Azərbaycanın ECO-ya sədrliyi ölkənin regional iqtisadi əməkdaşlıq platformalarında rəhbər mövqelərindən biri olub. Xarici İşlər Nazirliyi də ECO-nu Azərbaycanın son illərdə uğurlu sədrlik etdiyi əsas beynəlxalq qurumlardan biri kimi qeyd edir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı – 2009 və 2018
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında da müxtəlif dövrlərdə sədr ölkə olub. Son 20 illik dövr ərzində Azərbaycan 2009 və 2018-ci illərdə BSEC-ə sədrlik edib. Bu platformada əsas diqqət regional iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji və ticarət əlaqələrinin inkişafına yönəlib. Azərbaycanın BSEC sədrliyi də XİN-in çoxtərəfli diplomatiya sahəsində qeyd etdiyi əsas sədriliklər sırasında yer alır.

GUAM – 2007, 2008, 2012, 2016 və 2024
Azərbaycan Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata (GUAM) da müxtəlif illərdə sədrlik edib. Azərbaycanın GUAM-da 2007, 2008, 2012, 2016 və 2024-cü illərdə sədrliyi olub. 2024-cü ildə Azərbaycan təşkilata sədrliyi çərçivəsində nəqliyyat, ticarət, gömrük, enerji, turizm, mina təhlükəsi və işğaldan azad edilmiş ərazilərin bərpası kimi istiqamətlərdə tədbirlərdə iştirak edib.

Türk Şurası – 2019–2021
Azərbaycan 2019-cu ildə Türk Şurasına da sədrlik edib. Həmin il Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə Azərbaycanın təşkilata sədrliyi rəsmiləşdirilib. Azərbaycanın sədrliyi dövründə COVID-19 pandemiyası ilə bağlı üzv ölkələrin dövlət başçıları səviyyəsində fövqəladə görüş keçirilib. Bu dövrdə təşkilat çərçivəsində səhiyyə, iqtisadiyyat və humanitar əməkdaşlıq məsələləri də gündəmdə olub.

UNESCAP – 2026–2027
Azərbaycanın beynəlxalq platformalardakı son sədrliyindən biri də BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası ilə bağlıdır.
2026-cı ilin aprelində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCAP-ın 82-ci sessiyasının sədri seçilib. Bununla Azərbaycan növbəti bir il ərzində komissiyanın sessiyasına sədrlik edəcək.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü – 2027
Azərbaycanın növbəti mühüm regional sədrliyi isə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilə bağlı olacaq.
Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri 2018-ci ildən keçirilir. 2025-ci ildə Azərbaycan bu formata qoşulana qədər görüşlərə yalnız Mərkəzi Asiyanın beş ölkəsi – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan iştirak edirdi.
Fəridə Əsədzadə



