Siyasət · AzPolitika

FRANSA KÜÇƏLƏRİNDƏ GƏLƏCƏK DAVASI VƏ YAXUD DE QOLUN YARIMÇIQ QALMIŞ DƏRSİ - Azər Rəşidoğlunun YAZISI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FRANSA KÜÇƏLƏRİNDƏ GƏLƏCƏK DAVASI VƏ YAXUD DE QOLUN YARIMÇIQ QALMIŞ DƏRSİ - Azər Rəşidoğlunun YAZISI xəbəri üçün şəkil

Fransada məktəb qapılarının qarşısında başlayan etirazları yalnız təhsil büdcəsinə, müəllim çatışmazlığına və köhnəlmiş məktəb binalarına etiraz kimi izah etmək çətindir. Lisey şagirdlərinin narazılığı universitetlərə, müəllimlərə, valideynlərə və həmkarlar ittifaqlarına yayıldıqca məsələ ayrı-ayrı məktəblərin vəziyyətindən çıxıb Fransanın onilliklər ərzində qurduğu sosial modelin yeni nəsil qarşısında nə qədər inandırıcı qalmasına gəlib çıxır.

Oktyabrın 6-da yüz minlərlə insanın küçələrə çıxması da bunu göstərdi. Daxili İşlər Nazirliyi iştirakçıların sayını 266 min, təşkilatçılar isə 450 min göstərib. Rəqəmlər mübahisəli ola bilər, amma əsas mənzərə dəyişmir, etirazın sosial bazası genişlənir və təhsil problemi kimi başlayan narazılıq getdikcə dövlətin gənclərə verdiyi vədləri sorğulamağa başlayır.

Küçənin yaddaşı

Fransada küçə etirazlarının siyasi çəkisi böyükdür. 1968-ci ilin mayında tələbələrin etirazı fəhlə tətillərinə çevrilərək ölkəni siyasi böhrana sürükləmişdi. Şarl de Qoll parlamenti buraxıb növbədənkənar seçkiyə getdi, seçkidə qalib gəldi, amma cəmiyyətdə başlayan dəyişimi dayandıra bilmədi. Bir il sonra referendumda məğlub oldu və istefa verdi.

Bugünkü hadisələri 1968-ci ilin təkrarı saymaq düzgün olmaz. O dövrün gəncləri mövcud sistemi dəyişdirmək istəyirdilər, bugünkü gənclər isə daha çox bir sual verirlər -bizə vəd etdiyiniz gələcək niyə getdikcə əlçatmaz görünür? Bu sualın siyasi çəkisi məhz buradadır.

Fransa Respublikasının sosial modelinin əsas vədlərindən biri təhsilin sosial mənşədən asılı olmayaraq insana yüksəlmək imkanı verməsi idi. Məktəb ailənin imkanları ilə uşağın gələcəyi arasındakı məsafəni azaltmalı, zəhmət və istedad sosial mənşədən daha çox rol oynamalı idi. İndi isə müəllim çatışmazlığı, siniflərin yüklənməsi, məktəb və universitetlərin maliyyə problemləri, ali təhsilə çıxışdakı fərqlər bu vədin nə qədər işlək olduğunu sual altına salır.

Parcoursup ətrafındakı narazılıq da yalnız universitet seçimi ilə bağlı deyil. Gənc üçün universitet gələcək peşə, gəlir, mənzil və həyat səviyyəsinin başlanğıcıdır. Bu mərhələdə qeyri-müəyyənlik yarananda dövlətin digər vədlərinə inam da zəifləyir.

Vəd və reallıq

Paris qarşısında yalnız sosial tələblər də yoxdur. Dövlət bir tərəfdən sosial modeli qorumağa, digər tərəfdən borc və büdcə kəsiri şəraitində xərcləri azaltmağa çalışır. 2027-ci il büdcəsi ətrafındakı mübahisələr bu ziddiyyəti daha da görünən edir. Maliyyə intizamı ilə sosial dövlətin tələblərini eyni vaxtda təmin etmək getdikcə çətinləşir.

Etirazların əvvəlcə daha zəif sosial qrupların yaşadığı şəhərətrafı ərazilərdə görünməsi, sonra isə daha imkanlı məktəb və universitet tələbələrinin də prosesə qoşulması narazılığın yalnız yoxsul təbəqənin problemi olmadığını göstərdi. Müxtəlif sosial qrupları birləşdirən sual eynidir- Respublikanın bərabərlik və sosial yüksəliş vədi yeni nəsil üçün hələ də realdırmı?

Bu sual küçədən daha uzağa gedir. Dövlətə etimad yalnız seçki günü formalaşmır. İnsan dövləti məktəbdə, universitetdə, xəstəxanada, iş yerində və gündəlik həyatında hiss edir. Əgər həmin qarşılaşmalarda imkan əvəzinə məhdudiyyət görürsə, dövlətin sosial legitimliyi zəifləyir.

Bu səbəbdən etirazların arxasında radikal solun dayanıb-dayanmadığı barədə mübahisə əsas məsələ deyil. Siyasi qüvvələr narazılığı öz məqsədlərinə uyğun istiqamətləndirə bilər, amma onun ilkin səbəbini yaratmırlar. Təşkilatçılar və şüarlar dəyişə bilər, nümayişlər səngiyə bilər, amma gənclərin gələcəklə bağlı narahatlığı qalacaq.

De Qollun dərsi

1968-ci ilin əsas dərsi də burada yada düşür. De Qoll küçədəki böhranı seçki ilə idarə edə bildi, amma dəyişən cəmiyyəti əvvəlki vəziyyətinə qaytara bilmədi. Bir il sonra referendum məğlubiyyəti onun siyasi karyerasına son qoydu.

Bu gün tarixin eyni formada təkrarlanacağını demək mümkün deyil. Ancaq həmin təcrübənin bir dərsi qalır - Fransa hakimiyyəti küçəni sakitləşdirə bilər, lakin cəmiyyətin dəyişən gözləntilərini inzibati üsullarla aradan qaldıra bilməz.

Etirazların polis və nümayişçilər arasında zorakılığa çevrilməsi vəziyyəti daha da ağırlaşdırır. Yüzlərlə polis əməkdaşının, tələbənin və müəllimin xəsarət alması, saxlanmalar və xüsusi vasitələrdən istifadə qarşıdurmanın dərinləşdiyini göstərir. Lensdə 15 yaşlı yeniyetmənin polis qumbarası nəticəsində ağır yaralanması isə hadisələrin artıq siyasi mübahisədən çıxaraq insan talelərinə təsir etdiyini göstərir.

Küçədəki gəncin tələbi

Əslində bugünkü etirazçıların əsas tələbi Fransanı dəyişməkdən çox, Parisin onlara verdiyi vədə sadiq qalmasıdır. Onlar yaxşı məktəb, keyfiyyətli universitet, normal iş, əlçatan mənzil və sosial yüksəliş imkanı istəyirlər. Küçəyə çıxan gənc ölkəsindən uzaqlaşmaq istəmir; öz ölkəsində gələcəyi olduğuna inanmaq istəyir.

Məhz buna görə hökumətin qarşısında iki yol görünür. Etirazları yalnız asayiş problemi kimi qəbul edib küçələri sakitləşdirmək mümkündür. Bu halda nümayişlər bir müddət sonra səngiyə bilər, amma onları doğuran səbəblər qalacaq. Digər yol isə daha çətindir: təhsilə və gənclərə ayrılan vəsaiti xərc kimi deyil, gələcəyə sərmayə kimi görmək və sosial müqaviləni yenidən nəzərdən keçirmək.

Fransanın bugünkü problemi bir məktəb problemindən böyükdür. Söhbət sosial dövlətə, meritokratiyaya və Respublikanın bərabərlik vədinə inamdan gedir.

Fransanın küçələrində böyüyən nəsil ölkəyə qarşı çıxmır. Əksinə, ölkənin ona vəd etdiyi gələcəyi tələb edir. Paris bu tələbi eşidə bilsə, bugünkü böhran sosial modelin yenilənməsi üçün başlanğıca çevrilə bilər. Əks halda, məktəb qapılarında başlayan etirazlar bir nəslin Respublika ilə münasibətinin dəyişdiyi dönüş nöqtəsi kimi yadda qala bilər.

Fransa üçün məsələ artıq küçələrin nə vaxt sakitləşəcəyi deyil. Məsələ ondan ibarətdir ki, bu gənclər sabahın Fransasını qurarkən özlərini həmin ölkənin vətəndaşı və sahibi kimi hiss edəcəklərmi? Parisin qarşısında duran ən böyük vəzifə də məhz bu inamı qorumaqdır…

Azər Rəşidoğlu

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑