Ölkə · AzPolitika

Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir? xəbəri üçün şəkil

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqı arasında ciddi fərq qeydə alınıb. 2025-ci ildə muzdla çalışan kişilərin ortaaylıq nominal əməkhaqqı 1 264 manat, qadınların isə 874.6 manat olub. Beləliklə, kişilər qadınlardan orta hesabla ayda 389.4 manat və ya 44.5 faiz çox əməkhaqqı alıblar.

"AzPolitika" rəsmi statistikaya istinadən xəbər verir ki, qadınların ortaaylıq nominal əməkhaqqısı kişilərin müvafiq göstəricisinin 69.2 faizini təşkil edib. Başqa sözlə, qadınların orta əməkhaqqı kişilərin əməkhaqqından 30.8 faiz az olub.

Ən böyük fərqlərdən biri maliyyə və sığorta sektorunda qeydə alınıb. Bu sahədə kişilərin ortaaylıq əməkhaqqı 3 437.8 manat olduğu halda, qadınlarda göstərici 2 016.8 manat təşkil edib. Fərq 1 421 manata çatıb. Qadınların əməkhaqqı kişilərin maaşının cəmi 58.7 faizinə bərabər olub.

Peşə, elmi və texniki fəaliyyət sahəsində də ciddi fərq müşahidə edilib. Kişilər orta hesabla 2 349 manat, qadınlar isə 1 224.3 manat maaş alıblar. Aradakı fərq 1 124.7 manat olub. Bu sahədə qadınların əməkhaqqı kişilərin əməkhaqqının yalnız 52.1 faizini təşkil edib.

Mədənçıxarma sənayesində kişilərin ortaaylıq əməkhaqqı 3 857 manat, qadınların isə 2 884.1 manat olub. Beləliklə, bu sektorda fərq 972.9 manat təşkil edib.

Emal sənayesində qadınların ortaaylıq əməkhaqqı 675.8 manat, kişilərin isə 1 130.1 manat olub. Bu sahədə kişilər qadınlardan 454.3 manat çox qazanıblar. Qadınların əməkhaqqının kişilərin maaşına nisbəti 59.8 faiz təşkil edib.

İnformasiya və rabitə sahəsində kişilərin ortaaylıq əməkhaqqı 2008.6 manat, qadınların isə 1 580.3 manat olub. Aradakı fərq 428.3 manat təşkil edib.

Nəqliyyat və anbar təsərrüfatında da kişilərin əməkhaqqı daha yüksək olub. Onlar orta hesabla 1 653.6 manat, qadınlar isə 1 189.7 manat maaş alıblar. Fərq 463.9 manat təşkil edib.

Əməkhaqqı fərqinin nisbətən az olduğu sahələrdən biri təhsildir. Burada qadınların ortaaylıq əməkhaqqı 788.2 manat, kişilərin isə 875 manat olub. Fərq 86.8 manat təşkil edib. Qadınların maaşı kişilərin əməkhaqqının 90.1 faizinə bərabər olub.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də fərq nisbətən aşağı olub. Qadınlar orta hesabla 691 manat, kişilər isə 775.6 manat əməkhaqqı alıblar.

Səhiyyə və sosial xidmətlər sahəsində qadınların ortaaylıq əməkhaqqı 872.2 manat, kişilərin isə 1 168.7 manat təşkil edib. Bu sektorda fərq 296.5 manat olub.

Statistik göstəricilərdən məlum olur ki, 2025-ci ildə iqtisadi fəaliyyətin araşdırılan bütün sahələrində kişilərin ortaaylıq nominal əməkhaqqı qadınların əməkhaqqından yüksək olub. Ən böyük məbləğ fərqi maliyyə və sığorta sektorunda, ən böyük nisbi fərq isə peşə, elmi və texniki fəaliyyət sahəsində qeydə alınıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑