Bakı, 28 oktyabr,
2016-2023-cü illər arasında üç milyon insan isti havaların təsirindən ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Lancet” elmi jurnalında dərc olunmuş və 140-dan çox tədqiqatçı tərəfindən hazırlanmış hesabatda bildirilir.
Bu yaxınlarda dərc olunmuş iqlim hesabatında hökumətləri iqlim siyasətlərini tənzimləməyə məcbur etmək üçün səhiyyə sahəsində iqlim dəyişmələri ilə bağlı qlobal fövqəladə vəziyyət elan edilməsi təklif olunur.
Tədqiqatçıların sözlərinə görə, ölümlərin əksəriyyəti iqlim böhranının birbaşa nəticəsidir.
Hesabata görə, 2023-cü ildə isti havalar səbəbindən rekord sayda - 710.000 ölüm halı qeydə alınıb və bunların 70 faizindən çoxu insanlar tərəfindən törədilən iqlim dəyişmələri ilə əlaqələndirilib. “Lancet Countdown” layihəsinin icraçı direktoru Marina Romanellonun sözlərinə görə, 2015-ci ildə Paris Sazişinin imzalanmasından bəri səkkiz il ərzində dünyada üç milyona yaxın istidən ölüm hadisəsi qeydə alınıb.
O, mətbuat konfransında bildirib: “Bu, təxminən səkkiz il ərzində bütün Uels əhalisinin istidən məhv olmasına bərabərdir”.
Romanello əlavə edib ki, ölümlərin 68 faizi iqlim böhranı ilə birbaşa bağlıdır.




