Bakı, 16 oktyabr,
Oktyabrın 16-da YAY Qalereyasında YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Təxəyyülün köçəri ocağı” adlı yeni qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə yeddi azərbaycanlı rəssamın müxtəlif texnika və vasitələrlə ərsəyə gətirdiyi əsərlər nümayiş olunur. Ekspozisiya insanın doğma yurda, keçmişə və xatirələrə bağlılığını əks etdirən nostalji anlayışına həsr olunub.
Sərgi qədim yunan poemasından qaynaqlanan, insanın doğma evinə qayıtmaq həsrətini ifadə edən duyğunun zamanla necə dəyişdiyini və fərqli mənalar qazandığını araşdırır. Bir vaxtlar xəstəlik kimi qəbul edilən bu hiss sonralar insanın həyatında mühüm yer tutan psixoloji və emosional təcrübələrdən biri kimi dəyərləndirilib və “nostalji” adlandırılıb.
Ekspozisiyada nostalji anlayışına Azərbaycan insanının fərdi və kollektiv yaddaşı, mədəni kimliyi və tarixi təcrübəsi prizmasından nəzər salınır.
Sərginin konsepsiyasında amerikalı sosioloq Fred Devisin və rus-amerikalı kulturoloq, vizual rəssam Svetlana Boymun nostalji ilə bağlı nəzəri yanaşmalarına da istinad olunur.
Fred Devis “Yearning for Yesterday. A Sociology of Nostalgia” (1979, “Ötən günün həsrəti. Nostaljinin sosiologiyası”) kitabında nostaljinin yalnız müəyyən sənət əsərinin yaratdığı hiss və ya əhvali-ruhiyyə ilə məhdudlaşmadığını, daha geniş məna daşıdığını vurğulayır. Onun fikrincə, nostalji özünəməxsus estetik ifadə forması olmaqla yanaşı, müəyyən simvol və mənalar sistemi vasitəsilə insanın emosional dünyasına təsir göstərir.
Svetlana Boym isə “The Future of Nostalgia” (2001, “Nostaljinin gələcəyi”) əsərində bu anlayışı tarixi yaddaş, zaman və məkanla əlaqələndirir. Onun yanaşmasına görə, nostalji yalnız keçmiş üçün duyulan həsrət deyil, həm də insanın dəyişən dünyada özünü, mənsubiyyətini və kimliyini dərk etməsi ilə bağlı mürəkkəb emosional təcrübədir.
“Təxəyyülün köçəri ocağı” sərgisi keçmişin, itirilmiş gəncliyin, geridə qalan illərin və əldən verilmiş fürsətlərin xatırlanması ilə kifayətlənmir. Əksinə, fərdi və kollektiv yaddaşın qarşılıqlı əlaqəsini araşdıraraq nostaljinin insanın özünüdərki, mədəni mənsubiyyəti və ətraf mühitlə münasibətlərində oynadığı rolu ön plana çıxarır.
Sərginin əsas məqsədi nostaljinin mədəni yaddaş və kimliyin ayrılmaz tərkib hissəsi olduğunu, bu duyğunun müxtəlif tarixi dövrlərdə yadlaşma, bağlılıq və özünüdərk anlayışlarının formalaşmasına necə təsir göstərdiyini nümayiş etdirməkdir.
Müxbir - Günel Alıyeva Fotoqraf - Azər İbrahimov
.jpg)

