Mədəniyyət · AZƏRTAC

Multidissiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Multidissiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam xəbəri üçün şəkil

Bakı, 16 oktyabr,

“Təxəyyülün köçəri ocağı” sərgisində iki əsərimlə iştirak edirəm. Onlardan biri “Meçta konfetı” adlı instalyasiya, digəri isə atamın 1990-cı illərin əvvəllərində hazırladığı idman alətidir.

Bunu AZƏRTAC-a açıqlamasında multidissiplinar rəssam Qafar Rzayev bildirib.

Onun sözlərinə görə, sərgidə nümayiş etdirdiyi ikinci əsər onun üçün xüsusi mənəvi dəyər daşıyan şəxsi əşyadır.

“Atam 1991–1992-ci illərdə avtomobil təkərlərindən və digər materiallardan istifadə edərək ağırlıqqaldırma aləti hazırlayıb. O, güləş müəllimi idi və həmin dövrdə şagirdlərinin məşq etməsi üçün bu alətdən istifadə edirdi. Bildiyiniz kimi, 1990-cı illərin əvvəlləri iqtisadi baxımdan olduqca çətin dövr idi. Maddi imkanlar məhdud olduğundan atam əlində olan vasitələrdən istifadə edərək uşaqların idmanla məşğul ola bilməsi üçün belə bir alət düzəltmişdi. Artıq 30 ildən çox yaşı olan bu əşya üzərində zamanın izlərini daşıyır və mənim üçün uşaqlıq xatirələrimin ayrılmaz hissəsidir”, – deyə Q.Rzayev vurğulayıb.

Rəssam qeyd edib ki, sərginin əsas mövzusu olan nostalji onun üçün yalnız keçmişə duyulan həsrət deyil, həm də zamanla dəyişən, müxtəlif mənalar qazanan mürəkkəb emosional təcrübədir. Məhz bu səbəbdən o, ekspozisiyada bir-birindən fərqli hisslər doğuran iki əsəri təqdim etməyə qərar verib.

Digər əsərindən bəhs edən Q.Rzayev bildirib ki, “Meçta konfetı” adlı instalyasiya daha çox xəyal, arzu və uşaqlığın xoş xatirələri ilə bağlıdır. “Həmin konfetə baxanda, ilk növbədə, uşaqlığımın şirin və isti xatirələrini yada salıram. Konfetin dadı necə şirindirsə, onunla bağlı xatirələrim də bir o qədər xoşdur. Digər əsər isə məndə tamamilə fərqli hisslər oyadır. Atamın hazırladığı idman alətinə baxanda uşaqlığımın çətin günlərini, həmin dövrün ağır həyat şəraitini xatırlayıram. Əlbəttə, bu əşya ilə bağlı müsbət xatirələrim də var. Lakin o, mənə daha çox həmin illərdə yaşanan çətinlikləri xatırladır. Beləliklə, sərgidə təqdim etdiyim iki əsər vasitəsilə nostaljinin fərqli tərəflərini qarşılaşdırmağa çalışmışam. Mənim üçün nostalji yalnız xoş xatirələrdən ibarət deyil. O, sevinc və kədərin, keçmişin işıqlı və çətin anlarının bir-birinə qarışdığı duyğudur”, – deyə rəssam fikirlərini yekunlaşdırıb.

Müxbir - Günel Alıyeva Fotoqraf - Azər İbrahimov
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑