Bakı, 8 oktyabr,
Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində “Tərsinə irəliləyən zaman” inklüziv tamaşa layihəsi qalib olub.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi əlilliyi olan gənclərin cəmiyyətə inklüziv inteqrasiyasının gücləndirilməsi, onların yaradıcılıq imkanlarının dəstəklənməsi və mədəniyyət və incəsənət sahəsində fəal iştirakının təşviq edilməsidir.
Hazırda layihənin icrasına başlanılıb. Layihə çərçivəsində əlilliyi olan və olmayan gənclərin birgə iştirakı ilə inklüziv tamaşanın hazırlanması nəzərdə tutulur. Bu yanaşma müxtəlif imkanlara malik gənclər arasında əməkdaşlığın və qarşılıqlı ünsiyyətin inkişafına, eyni zamanda onların yaradıcılıq potensialının üzə çıxarılmasına şərait yaradacaq.
Layihənin tərəfdaşları “Azərbaycan İncəsənət Məktəbi” və “EMEDIA Group” media təşkilatıdır. Tərəfdaş qurumların dəstəyi ilə tamaşanın hazırlanması, iştirakçıların yaradıcılıq prosesinə cəlb edilməsi və layihənin ictimaiyyətə təqdim olunması istiqamətində müvafiq işlər həyata keçirilir.
Hazırlanacaq inklüziv tamaşanın nümayişi Bakı və Lənkəran şəhərlərində keçirilməsi nəzərdə tutulur. Cari ilin sonunadək tamaşanın nümayişlərinin keçirilməsi planlaşdırılır.
“Tərsinə irəliləyən zaman” layihəsi çərçivəsində həyata keçiriləcək tamaşanın həm yaradıcı, həm də sosial baxımdan əhəmiyyətli bir təşəbbüs olaraq müxtəlif imkanlara malik gənclərin bir araya gəlməsinə və onların bərabər iştirakına şərait yaradacağı gözlənilir.
Layihənin rəhbəri Fərid Bağırovdur.



