Mədəniyyət · AZƏRTAC

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək xəbəri üçün şəkil

Bakı, 8 oktyabr,

Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində “Tərsinə irəliləyən zaman” inklüziv tamaşa layihəsinin qalib olması bizim üçün həm sevindirici, həm də məsuliyyətli nəticədir.

Layihəni hazırlayarkən əsas məqsədimiz əlilliyi olan və olmayan gənclərin birgə yaradıcılıq prosesinə cəlb olunması, onların mədəniyyət və incəsənət sahəsində iştirak imkanlarının artırılması və cəmiyyətdə inklüzivlik dəyərlərinin daha geniş təşviq edilməsidir.

Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan İncəsənət Məktəbi”nin təsisçisi, layihənin rəhbəri Fərid Bağırov deyib.

O bildirib ki, bu yanaşmanı ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin əsas istiqamətləri ilə də əlaqələndirmək mümkündür. Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəniyyətə əlçatanlığın və inklüzivliyin təmin edilməsi ilə bağlı mühüm istiqamətlər müəyyənləşdirilib. Həmin istiqamətlərin cəmiyyət səviyyəsində dəstəklənməsi, o cümlədən inklüzivliyin təşviqinə yönəlmiş sosial və mədəni layihələrin həyata keçirilməsi məqsədəuyğundur.

Onun sözlərinə görə, “Tərsinə irəliləyən zaman” layihəsi də məhz bu yanaşmadan irəli gələrək icra ediləcək: “Biz istəyirik ki, layihə çərçivəsində iştirak edən gənclər öz yaradıcılıq imkanlarını nümayiş etdirsin, yeni təcrübə qazansın və birgə fəaliyyət vasitəsilə qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirsinlər. Çünki gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək. Burada bizim üçün əsas məsələ yalnız bir tamaşanın hazırlanması deyil, eyni zamanda inklüziv mühitin formalaşmasına kiçik də olsa töhfə verməkdir. Tamaşanın Bakı və Lənkəran şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulur. Arzu edirik ki, layihə çərçivəsində əldə olunacaq nəticələr gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsinə də stimul versin”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑