Sankt-Peterburq, 30 oktyabr,
Rusiyanın Sankt-Peterburq şəhərində müasir Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Yağışlar şəhərinin kitabxanası və digər hekayələr” adlı kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “KARO” nəşriyyatında çap olunan topluya 13 müasir Azərbaycan yazıçısının hekayələri daxil edilib. Kitabın əsas xüsusiyyətlərindən biri də əsərlərin Azərbaycan və rus dillərində paralel təqdim olunmasıdır.
Nəşr Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamalova tərəfindən tərtib edilib. Hekayələrin rus dilinə tərcüməsi isə universitetin Şərqşünaslıq fakültəsinin tələbələri və magistrantları tərəfindən həyata keçirilib.
Topluda Sevinc Nuruqızı, Nərmin Kamal, Fidan Vahid, Şəbnəm Xeyrulla, Ataqam, İlqar Rəsul, Həmid Piriyev, Əli Babazadə, Tural Turan, Orxan Həsəni, Orxan Cuvarlı, Vüqar Van və Bəhruz Tağızadənin hekayələri yer alıb.
Müxtəlif janr və üslublarda qələmə alınmış əsərlər oxuculara müasir Azərbaycan nəsrinin mövzu zənginliyi, bədii axtarışları və ədəbi inkişaf istiqamətləri ilə tanış olmaq imkanı yaradır.
Kitab həm rusdilli oxucuların müasir Azərbaycan ədəbiyyatı ilə tanışlığına, həm də Azərbaycan dilini öyrənən tələbələrin dil və tərcümə bacarıqlarının inkişafına xidmət edir.
Nəşr Rusiyanın kitab satış platformalarında da təqdim olunur.
Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Sankt-Peterburq

