Mədəniyyət · AZƏRTAC

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir xəbəri üçün şəkil

Bakı, 30 oktyabr,

Qarabağ xalçaları əsrlərdən bəri bölgənin zəngin mədəni irsini, həyat tərzini və estetik dünyasını özündə yaşadır. Bu qədim sənət ənənəsi müasir yaradıcılıq yanaşması ilə yeni məzmun və forma qazanaraq bu gün də davam etdirilir.

Oktyabrın 30-da “Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy” proqramı çərçivəsində “QGallery”də açılan “Yaddaşdan ötə” sərgisində rəssam Fərid Rəsulovun “Azərxalça” ASC ilə birgə ərsəyə gətirdiyi “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” kolleksiyasından nümunələr də nümayiş olunur. Kolleksiya milli xalçaçılıq ənənələrinə müasir bədii yanaşmanı əks etdirir.

Kolleksiya müəllifin doğma Qarabağa bağlılığını, uşaqlıq xatirələrini və qədim sənətə müasir yanaşmasını bir araya gətirir.

Qarabağ xalçaları rəssam üçün sadəcə sənət nümunəsi deyil, həm də şəxsi yaddaşının bir parçasıdır. Qarabağda dünyaya gələn Fərid Rəsulov uşaqlıq illərini bu xalçaların üzərində keçirdiyini, onlarla bağlı xatirələrinin bu gün də yaddaşında yaşadığını deyir.

Fərid Rəsulov AZƏRTAC-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş torpaqlarımıza qayıdış Qarabağ xalçalarının vizual obrazlarını yenidən onun şüuraltısında canlandırıb. Uzun illər qədim Qarabağ xalçalarını toplayaraq kolleksiya etdiyini söyləyən rəssam bu ənənəni yeni nümunələrlə davam etdirmək qərarına gəlib.

Onun sözlərinə görə, ilk kolleksiyaya altı əsər daxil edilib. Bu nümunələrdə Qarabağ atı, ev heyvanları, bölgəyə xas maral, xoruz və toyuq obrazları, eləcə də nar ağacı təsvir olunub.

Rəssam kolleksiyanın bədii və texniki xüsusiyyətlərindən danışarkən bildirib ki, xalçaların hazırlanmasında yun və ipəyin vəhdətindən istifadə edilib. Layihənin əsas yeniliklərindən biri isə 3D texnikasının tətbiqi ilə xalçalara heykəltəraşlıq formasının verilməsidir.

Fərid Rəsulov vurğulayıb ki, rəssamın ideyasının və eskizlərinin sənət əsərinə çevrilməsində xalça ustalarının peşəkarlığı mühüm rol oynayır. O, kolleksiyanın ərsəyə gəlməsində iştirak edən bütün mütəxəssislərə təşəkkürünü bildirib.

Müxbir - Gülay Nəzərova

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑