Bakı, 4 noyabr,
“Sabah” və “Qarabağ” klublarının 19 yaşadək futbolçulardan ibarət komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, “Sabah” əsas mərhələnin IV turunda Norveçin “Vikinq” klubunun U-19 komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Paytaxt təmsilçisi əvvəlki turlarda Almaniyanın “Borussiya” (Dortmund) komandasına 0:2, Çexiyanın “Slaviya” kollektivinə 0:3, İngiltərənin “Mançester Yunayted” klubuna isə 0:5 hesabı ilə məğlub olub.
“Qarabağ”ın U-19 komandası isə II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Bakı vaxtı ilə saat 16:00-da start götürəcək qarşılaşmada Ağdam təmsilçisi ilk oyunun nəticəsini dəyişməyə çalışacaq.
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə 1:2 hesabı ilə uduzub.




