Oktyabrın 22–24-də “Quba Palace Hotel”in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda “TURAN CUP” silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib.
“TURAN CUP 2026” beynəlxalq turniri müxtəlif ölkələrdən olan idmançıları bir araya gətirib. Turnirdə Mərkəzi Asiya respublikaları ilə yanaşı, Avropa ölkələri, Çin Xalq Respublikası, Koreya Respublikası və Rusiya Federasiyasından olan qolfçular iştirak ediblər.
Turnir çərçivəsində “Quba Palace Hotel”in rəhbərliyi ilə iştirakçı qolf assosiasiyalarının nümayəndələri arasında bir sıra məhsuldar görüşlər keçirilib. Görüşlərin nəticəsi olaraq “Quba Palace Hotel” ilə Çin Xalq Respublikasının Qolf Assosiasiyası (China Golf Association) arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.
Memorandum “Quba Palace Hotel”in baş direktoru İlham Ağayev və Çin Qolf Assosiasiyasının səlahiyyətli nümayəndəsi Zhao Shizhong tərəfindən imzalanıb. Sənəd tərəflər arasında qolf sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi üçün imkanların yaradılması baxımından əhəmiyyət daşıyır.
Turnirin idman proqramından sonra iştirakçılar və qonaqlar üçün təşkil olunmuş qala gecəsində qaliblər mükafatlandırılıb.
“TURAN CUP 2026”nın rəsmi tərəfdaşı BMW AG-nin Azərbaycandakı idxalçısı “Improtex Motors” olub.
“Quba Palace Hotel” beynəlxalq qolf turnirləri vasitəsilə Azərbaycanın turizm potensialının tanıdılmasına töhfə verməyə davam edir.


