İdman · AZƏRTAC

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

Rəqibin adına və gördüyü işlərə hörmətlə yanaşırıq. Amma bizim komandamız da ötənilki turnirdən sonra daha çox təcrübə toplayıb və yaxşı heyət formalaşıb. Keçən il daha gənc futbolçularla çıxış edirdik. Bu il nəticələr istədiyimiz kimi olmasa da, oyun baxımından çox inkişaf etdiyimizi düşünürəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının direktoru Aftandil Hacıyev U-19 komandasının UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Dinamo Zaqreb” klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, Zaqreb təmsilçisinin akademiyasının Avropanın sayılıb-seçilən futbol məktəblərindən biri olduğunu bildirib: “Klubun büdcəsinin formalaşmasında yetirmələrinin satışından əldə olunan gəlir mühüm rol oynayır. Mən şəxsən bu akademiyanın fəaliyyətini canlı izləmək imkanı qazanmışam. Orada kifayət qədər sistemli iş qurulub. Ölkənin istedadlı futbolçuları məhz “Dinamo Zaqreb” akademiyasına üz tuturlar”.

Mütəxəssis növbəti mərhələyə yüksələcəkləri təqdirdə qarşılaşa biləcəkləri potensial rəqib barədə də danışıb: “Qarşımıza xüsusi hədəf qoyulmayıb. Bacardığımız qədər öz oyunumuzu oynayacağıq. Çünki “Dinamo Zaqreb”dən sonra dünyanın ən güclü akademiyalarından birinə sahib olan “Benfika” ilə qarşılaşa bilərik. Belə rəqiblərlə matçlarda həm yaxşı oyun göstərmək, həm də müsbət nəticə qazanmaq çətindir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Əsas odur ki, daha cəsarətli və yaxşı oyun nümayiş etdirək, topladığımız təcrübəni nəticəyə çevirməyə çalışaq”.

Aşağı yaş qruplarından ibarət komandaların beynəlxalq turnirlərdə iştirakı məsələsinə də toxunan A.Hacıyev əksər yarışların qışdan sonra, yay aylarında keçirildiyini, bəzi ölkələrdə isə qış aylarında da turnirlərin təşkil olunduğunu diqqətə çatdırıb: “Hazırda rəhbərliklə müzakirələr aparırıq ki, bu il hansı yaş qruplarımız turnirlərdə iştirak etsin. Hələlik müzakirələr davam edir. Yaxın günlərdə bununla bağlı yeniliklər olacaq”.

Xarici ölkələrdən istedadlı futbolçuların akademiyaya cəlb edilməsi barədə də danışan direktor hazırda konkret planın olmadığını, lakin müxtəlif ölkələrlə sıx əlaqələrin davam etdiyini söyləyib: “Daim futbolçu təklifləri alırıq. İstedadlı oyunçuları nəzərdən keçirib komandamıza dəvət edirik. Bu il də iki nigeriyalı futbolçunu komandamıza cəlb etmişik. Onların bacarığı bizi qane edir. İstedadlı futbolçular olduqlarını düşünürük. Gələcəkdə də belə oyunçular aşkarlandıqca onları akademiyamıza dəvət edə bilərik”.

Veteran futbolçu İtaliyanın “Udineze” və İspaniyanın “Levante” klubları ilə mümkün əməkdaşlıq məsələsinə də aydınlıq gətirib. O, bu barədə ətraflı məlumata malik olmadığını, görüşlərdə əsasən klub rəhbərliyinin iştirak etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 28-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Dinamo Zaqreb” görüşü saat 12:30-da başlayacaq. Cütün qalibi növbəti mərhələdə “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑