Bakı, 27 oktyabr,
“Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən “Shirvan Open 2026” beynəlxalq şahmat festivalına yekun vurulub.
Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Olimpiya İdman Kompleksində keçirilən yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalib şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.
9 turda 7,5 xal toplayan Murad İbrahimli “Shirvan Open” festivalında A turnirinin qalibi olub. Hərəyə 7 xalı olan Namiq Quliyevlə hindistanlı şahmatçı Visakh müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.
B turnirində Ümid Ələsgərov 7 xalla birincilik qazanıb. Duyğu Bağırova ikinci, Ayyub Zəkiyev üçüncü olub. Hindistan şahmatçıları Hagavane Aakanksha rapid, Visakh isə blitsdə birinci yeri tutub.
Beynəlxalq festivalda 6 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparıb.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 22 min 670 manat təşkil edib.



