Bakı, 3 noyabr,
Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim. Sözümün üstündə durdum, bayrağımızı yüksəklərə qaldırdım.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın yeniyetmə cüdoçusu İbrahim Talıbov “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançı yarışa yaxşı hazırlaşdıqlarını və keçirdiyi təlim-məşq toplanışlarının nəticəyə müsbət təsir göstərdiyini bildirib: “Final görüşü digər qarşılaşmalarımla müqayisədə daha çətin keçdi. Bununla belə, özümə inanırdım və yüksək nəticə qazanacağımı gözləyirdim”.
İ.Talıbov gələcək hədəflərindən də danışıb. O, böyüklər arasında Olimpiya və dünya çempionu olmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.
Videoqraf - Şövqi Əzizov




