İdman · AZƏRTAC

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub xəbəri üçün şəkil

Bakı, 9 oktyabr,

İllərlə görülən düzgün iş sonda həmişə uğur gətirir.

AZƏRTAC xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun sabiq futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Kristian Sebalyos Bakı klubundakı günləri, komandanın Çempionlar Liqasındakı şansları və şəxsi məşqçilik karyerası barədə danışarkən deyib.

Məşqçilik karyerasının başlanğıcını xatırladan ispaniyalı mütəxəssis “Sabah” klubundakı günlərini xüsusi vurğulayıb: “Karyerama futbolçu kimi başladım, lakin təəssüf ki, zədə səbəbindən tez bitirməli oldum. Bununla belə, artıq 25 yaşımda məşqçilik kurslarını bitirmişdim, oyunun mahiyyəti, proseslərin səbəbləri mənə həmişə maraqlı idi. “Sabah” klubu mənə böyük hörmət bəslədiyim Valdas Dambrauskasın köməkçisi kimi işə başlamaq imkanı yaratdı və məşqçilik karyeram Azərbaycanda start götürdü. Bundan əlavə, bəxtim gətirdi ki, klubun tarixi çempionluğunu qazandığı dövrdə orada idim. Bir sözlə, məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub”.

Mütəxəssis “Sabah”ın cari mövsümdə həm avrokuboklarda, həm də daxili yarışlardakı şanslarını dəyərləndirib: “Futbolda həmişə imkanlar olur və onlardan ağılla istifadə etmək lazımdır. Bilirəm ki, komanda hazırda Dambrauskasın rəhbərliyi altında uğurlu çıxış edir. Çempionlar Liqasındakı rəqiblərdən “Vilyarreal” işini çox yaxşı görən komandadır, lakin onlar da yeni məşqçiyə uyğunlaşmağa çalışırlar”.

Son dövrdəki fəaliyyəti və gələcək planlarından da söz açan mütəxəssis zəngin təcrübə topladığını qeyd edib: “Keçən il “Fiorentina”da 3 fərqli turnirdə (A Seriyası, İtaliya Kuboku və Konfrans Liqası) çalışdıq və yaxşı nəticələr əldə etdik. Bu il isə “Parma”da oldum. David De Xea, Moyze Kin, Edin Dzeko, Dieqo Karlos kimi top-səviyyəli futbolçularla işləmək imkanım oldu.

Bu təcrübə mənə hazır olduğumu, inkişaf etməyə və ən yaxşılardan öyrənməyə davam etmək istədiyimi anlamağa kömək etdi. Sonra klubdan ayrılmaq qərarına gəldim və hazırda növbəti imkanları dəyərləndirirəm. Beş il Mikel Artetanın köməkçisi olmuş məşqçi ilə birgə çalışıram və hər gün ondan nəsə öyrənirəm. Keçən il isə Antonio Konte ilə çalışmış başqa bir mütəxəssislə işləmək şansım olmuşdu. Bütün bunlar məni bir mütəxəssis kimi zənginləşdirir. Baş məşqçi kimi başlamaq üçün də təkliflər almışam, lakin hər şeyin öz vaxtı var. Hələlik çalışdığım mütəxəssislə özümü rahat hiss edirəm”.

Qeyd edək ki, Kristian Sebalyos 2021-2024-cü illərdə “Sabah” klubunda futbolçu kimi çıxış edib. Daha sonra isə əsas komandanın məşqçilər heyətində yer alıb.

Müxbir-Mikayıl Məmmədov
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑