Bakı, 27 oktyabr,
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.
Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, Vyetnam Dövlət Audit Ofisinin ev sahibliyi ilə təşkil olunan konfrans “Dəyişən dünyada AAO-lar: Vizyon, institusional çərçivə və innovasiya” mövzusuna həsr edilib və ali audit orqanlarının rəhbərlərini bir araya gətirib.
Konfransın açılış mərasimində Vyetnam Sosialist Respublikası Milli Məclisi sədrinin müavini, INTOSAI-nin sədri olan Misir Dövlət Hesabatlılıq İdarəsinin rəhbəri, ASOSAI-nin sədri olan Hindistanın baş auditoru və nəzarətçisi, eləcə də Vyetnamın baş auditoru çıxış ediblər.
Konfrans çərçivəsində dəyişən dünyada ali audit orqanlarının rolu, onların idarəetmədə mövqeyi və hüquqi statusu, dövlət auditində rəqəmsal transformasiya, dövlət sektorunda süni intellektin tətbiqi, audit metodologiyasında yeniliklər ilə bağlı təqdimatlar keçirilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdimat zamanı palatanın 25 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, audit metodologiyasındakı yeniliklər, eləcə də həmin yeniliklərin tətbiqi zamanı qarşıya çıxan risklər və çətinliklər barədə məlumat verib.
Konfrans çərçivəsində müxtəlif ölkələrin ali audit orqanlarının nümayəndələri arasında fikir və təcrübə mübadiləsi aparılıb, təqdim olunan mövzular ətrafında müzakirələr keçirilib və iştirakçıların sualları cavablandırılıb.


