"Azərbaycan üçün regionda sabitliyin və əmin-amanlığın qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki sülh və sabitlik uzunmüddətli iqtisadi inkişafın əsas şərtlərindəndir. Bununla belə, regional müharibələrin iqtisadi əlaqələrə təsiri qaçılmazdır. Məsələn, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanla Ukrayna arasında ticarət əlaqələrində müəyyən azalmalar müşahidə olunub".
Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili vurğulayıb ki, belə münaqişələr ölkələr arasında ticarət əlaqələrinin zəifləməsinə və iqtisadi əməkdaşlığın çətinləşməsinə səbəb olur.
"Digər tərəfdən, Azərbaycan enerji istehsalçısı və ixracatçısıdır. Ölkəmizin enerji ixracından əldə etdiyi gəlirlər dünya bazarlarında qiymətlərin səviyyəsindən birbaşa asılıdır. Enerji qiymətləri yüksək olduqda Azərbaycanın ixrac gəlirləri və ölkəyə daxil olan valyutanın həcmi arta bilər. Bu baxımdan, enerji məhsullarının bahalaşması ölkəmiz üçün müəyyən iqtisadi üstünlüklər yaradır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan üçün əsas məqsəd enerji qiymətlərinin uzunmüddətli perspektivdə sabit və tarazlı səviyyədə olmasıdır".
Sevinc Qarayeva


