Bakı, 29 oktyabr,
Layihənin əsas məqsədi Azərbaycanda beynəlxalq açıq suda üzgüçülük yarışı təşkil etmək, idman turizmini inkişaf etdirmək və ölkəyə xarici iştirakçıları cəlb etməkdir. Özüm də açıq suda üzgüçülüklə məşğul olan həvəskar idmançıyam. Buna görə də bu idman növünün həm fiziki, həm də psixoloji baxımdan insana verdiyi müsbət təsirləri yaxşı anlayıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Oceanman Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, “Oceanman” layihəsini Azərbaycana gətirmək ideyası bu ilin iyul ayında yaranıb: “Hesab edirəm ki, ölkəmiz beynəlxalq açıq suda üzgüçülük yarışına ev sahibliyi etmək üçün əlverişli imkanlara malikdir. Məqsədimiz dünyanın müxtəlif ölkələrindən olan üzgüçüləri Xəzər dənizinin sahilində bir araya gətirmək və onlara Azərbaycanla yaxından tanış olmaq imkanı yaratmaqdır. İnanıram ki, “Oceanman Azerbaijan” ölkəmizin beynəlxalq idman xəritəsində mövqeyinin möhkəmlənməsinə töhfə verəcək. Yarış müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçılar üçün nəzərdə tutulub. İstəyirik ki, bu tədbirdə yalnız peşəkar idmançılar deyil, həvəskar üzgüçülər də iştirak etsinlər. Digər əsas məqsədimiz idman turizminin inkişafıdır. Belə yarışlar xarici idmançıların, onların ailə üzvlərinin və dostlarının ölkəmizə gəlməsinə, Azərbaycanın beynəlxalq idman ictimaiyyətində daha geniş tanınmasına şərait yaradır. İstəyirik ki, Bakıya gələn iştirakçılar burada yalnız yarış təcrübəsi deyil, həm də xoş təəssüratlar qazansınlar”.
Qeyd edək ki, yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək.
Fotoqraf - Səfiyar Məcnun





