Bakı, 28 oktyabr,
Müasir münaqişələr təkcə döyüş əməliyyatlarının xarakterini deyil, müdafiə anlayışının özünü də dəyişir. Pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri, eləcə də yüksək texnologiyalı aşkarlama və məhvetmə sistemləri hərbi qarşıdurmanın əsas elementlərinə çevrilir. Bu isə dövlətləri kritik infrastrukturun qorunmasına yanaşmalarını yenidən nəzərdən keçirməyə vadar edir. Belə şəraitdə yeni texnoloji kəşflərin və praktiki döyüş təcrübəsinin birləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın artıq bir neçə mərhələsini keçib və bu əməkdaşlığı daha da inkişaf etdirmək imkanlarına malikdir. Bu, silahların tərəfdaşın ehtiyaclarına uyğunlaşdırılmasından tutmuş perspektivli müdafiə sistemlərinin birgə yaradılmasına qədər geniş sahələri əhatə edə bilər.
Belə əməkdaşlığın hansı istiqamətlərinin daha perspektivli olması barədə hərbi analitik, Belarusun müdafiə və hərbi-sənaye kompleksi məsələləri üzrə aparıcı ekspertlərindən biri Aleksandr Alesinlə söhbət etdik.
– Aleksandr Borisoviç, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığı necə xarakterizə edərdiniz? Fikrinizcə, xarici siyasət prioritetləri fərqli olan dövlətlər arasında etimadın qorunması üçün hansı qarşılıqlı fəaliyyət prinsipləri həlledici rol oynayır?
– Hərbi-texniki əməkdaşlıq silah ticarəti anlayışından daha genişdir. Hərbi-texniki əməkdaşlıq, ən azından, ölkələr arasında tərəfdaşlıq münasibətlərinin mövcudluğunu, hər bir tərəfin xarici siyasət kursuna və digər dövlətlərlə müttəfiqlik münasibətlərinə qarşılıqlı hörmət göstərilməsini nəzərdə tutur. Tərəfdaşın narahatlıqlarını, təhdid və təhlükələrə dair qiymətləndirmələrini anlamaq da vacibdir. Azərbaycanla Belarus arasında dövlətlərarası münasibətlərin bu həssas sahəsində qarşılıqlı əlaqələr məhz belə prinsiplər əsasında qurulur.
Üstəlik, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir. İlkin mərhələdə Minsk Bakıya sovet istehsalı olan artıq silah və hərbi texnika ehtiyatlarını satır, Azərbaycan Ordusunun silahlanması üzrə nümunələri modernləşdirirdi. Növbəti mərhələdə isə Belarus tərəfi özünün hazırladığı silah və döyüş texnikasını tədarük etməyə başladı. Bununla yanaşı, Belarus həmin texnikanın bütün istismar dövrü ərzində texniki dəstəyini təmin etməyi, həmçinin Azərbaycan tərəfinin tələblərinə uyğunlaşdırmağı öhdəsinə götürdü. Bu, ilk növbədə, hava hücumundan müdafiə sistemlərinə, radioelektron kəşfiyyat və radioelektron susdurma vasitələrinə aiddir.
Sonrakı mərhələdə Azərbaycan hərbçilərinin istəkləri nəzərə alınmaqla silah sistemlərinin hazırlanması və istehsalına başlanıldı. Bəzi hallarda bu proses Bakı tərəfindən maliyyələşdirilirdi. Bundan əlavə, hərbi və ikili təyinatlı texnikanın bir sıra nümunələrinin yığılması Azərbaycanda da təşkil olundu.
Lakin ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq birtərəfli xarakter daşımır. Belarusun hərbi-sənaye kompleksi üçün öz məhsullarının döyüş şəraitində istismar təcrübəsi böyük əhəmiyyət kəsb edir. Bu təcrübə Belarus istehsalı olan silah və hərbi texnika sistemlərini təkmilləşdirməyə imkan verir.
– Müasir şəraitdə hərbi və mülki infrastrukturu pilotsuz sistemlərdən, kiberhücumlardan və digər asimmetrik təhdidlərdən qorumaq xüsusi əhəmiyyət kəsb edir. Kritik əhəmiyyətli obyektlərin və hərbi idarəetmə sistemlərinin dayanıqlılığını təmin etmək üçün yanaşmalar necə dəyişməlidir? Azərbaycanla Belarus arasında təcrübə mübadiləsi hansı istiqamətlərdə hər iki tərəfin imkanlarını genişləndirə bilər?
– Rusiya ilə Ukrayna arasında silahlı münaqişənin təcrübəsi göstərir ki, hazırda əsas vəzifə mülki və hərbi infrastruktur obyektlərini pilotsuz uçuş aparatlarının kütləvi hücumlarından qorumaqdır.
Bir çox ekspertin fikrincə, bu problemin həlli müxtəlif məsafə və hündürlükdə fəaliyyət göstərən, çoxqatlı müdafiə quruluşuna malik kompleks antidron sistemlərinin yaradılması ola bilər. Belə sistemlərdə radiotexniki, optik-elektron, akustik aşkarlama və hədəfalma, eləcə də raket, artilleriya və lazerlə məhvetmə vasitələri vahid idarəetmə altında ümumi şəbəkədə birləşdirilməlidir.
Belarus və Azərbaycanın hərbi-sənaye komplekslərinin potensialını və bu sahədə əldə etdikləri nəticələri nəzərə alsaq, ölkələrimizin bu cür sistemləri yaratmaqla yanaşı, onların döyüş şəraitində tətbiqi üçün taktiki üsullar hazırlamaq imkanlarına da malik olduğunu düşünmək üçün bütün əsaslar var. Bundan əlavə, bu komplekslərdən səmərəli istifadəni təmin etmək məqsədilə ali hərbi təhsil müəssisələrində və hazırlıq mərkəzlərində mütəxəssislərin birgə hazırlanması da mümkündür.
– Belarus ənənəvi olaraq hava hücumundan müdafiə vasitələrinin, radioelektron mübarizə sistemlərinin, optik-elektron komplekslərin və idarəetmə sistemlərinin inkişafına böyük diqqət yetirir. Azərbaycanın çoxkomponentli müdafiə sisteminin təşkili sahəsində təcrübəsini nəzərə alsaq, iki ölkə arasında ixtisaslaşmış texniki və təşkilati həllərin mübadiləsi nə dərəcədə perspektivlidir? Bu sahələrdə əməkdaşlıq ayrı-ayrı sistemlərin tədarükü ilə məhdudlaşmayaraq avadanlığın uyğunlaşdırılmasını, birgə texniki dəstəyi və müvafiq mütəxəssislərin hazırlanmasını da əhatə edə bilərmi?
– Məncə, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın növbəti mərhələsi müasir silah nümunələrinin, ilk növbədə isə pilotsuz uçuş aparatlarına qarşı müdafiə vasitələrinin birgə hazırlanması və istehsalı olmalıdır. Söhbət aşkarlama, radioelektron və optik-elektron susdurma vasitələrindən, eləcə də odlu silah sistemlərindən gedir.
Belarusun hərbi-sənaye kompleksinin əldə etdiyi nəticələr Azərbaycan Ordusunun döyüş təcrübəsi ilə birləşdirildikdə, çox yüksək nəticələr verə bilər.
Bundan başqa, məlumdur ki, hərbi zərurət Azərbaycanı döyüş göstəriciləri kifayət qədər yüksək olan bir sıra silah nümunələrini özünün hazırlamasına sövq edib. Bu isə Azərbaycan və Belarusun elmi-tədqiqat institutları və konstruktor büroları əsasında iki ölkənin mütəxəssislərinin səylərini birləşdirmək üçün imkanlar yaradır.
Eyni zamanda, artıq keçmişin yanaşmaları ilə işləmək mümkün deyil. Belə əməkdaşlığın səmərəliliyini əsaslandıran mühüm amillərdən biri də Azərbaycan silah istehsalçılarının dünyanın ən qabaqcıl hərbi-sənaye komplekslərindən birinə malik İsrail və Türkiyə ilə, Belarus mütəxəssislərinin isə Rusiyanın müdafiə sektorunda fəaliyyət göstərən aparıcı konstruktor və müəssisələrlə uzunmüddətli uğurlu əməkdaşlıq təcrübəsidir.
Bu əməkdaşlığın nəticəsi təkcə Azərbaycan və Belarus ordularının ehtiyac duyduğu deyil, həm də dünya silah və hərbi texnika bazarında tələbat olan məhsul ola bilər. Məsələn, dron əleyhinə kompleks müdafiə sistemi belə məhsullardan biridir. Bakı və Minsk bu sistemi hazırlamaq və istehsal etməklə yanaşı, onu konkret alıcılara təqdim etmək, mütəxəssislərə təlim keçmək və bütün istismar müddəti ərzində texniki dəstək göstərmək imkanlarına da malikdir.
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın daha bir mühüm nəticəsi isə hər iki ölkənin müdafiə sənayesi komplekslərinin elmi və istehsal potensialının artması olacaq.



.jpg)