Bakı, 27 oktyabr,
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşmada “Zirə” və “Səbail” komandaları üz-üzə gəliblər. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər – 2:2.
Qalib penaltilər seriyasında müəyyənləşib. Rəqibindən 3:2 hesabı ilə üstün olan “Zirə” 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, günün digər oyunlarında “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” isə “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinin digər qarşılaşmaları oktyabrın 28-29-da keçiriləcək.


