Vaşinqton, 24 oktyabr,
Azərbaycanın ABŞ-dakı səfirliyində səfir Xəzər İbrahimin Corc Vaşinqton Universitetinin Beynəlxalq Tələbələr Assosiasiyasının üzvləri ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində tələbələrə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, Azərbaycan–ABŞ strateji tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin zəngin tarixi-mədəni irsi, eləcə də Azərbaycanda təhsil imkanları barədə ətraflı məlumat təqdim olunub.
Səfir ABŞ-nin aparıcı ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində təhsil alan gənclərin Azərbaycana göstərdiyi marağı yüksək qiymətləndirib. O qeyd edib ki, bu cür görüşlər tələbələrin ölkəmiz haqqında biliklərinin daha da dərinləşməsinə, Azərbaycan xalqının tarixi, mədəniyyəti və müasir inkişafı ilə yaxından tanış olmalarına, eləcə də gələcəkdə Azərbaycan ilə ABŞ arasında təhsil, mədəniyyət və insanlararası əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək.
Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton



