Bakı, 28 oktyabr,
Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun karbonsuzlaşdırılmasının təşviqi” mövzusuna həsr olunan tədbirdə Azərbaycanın milli iqlim öhdəliklərinin həyata keçirilməsi, enerji sektorunda yaşıl keçid, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya imkanları müzakirə olunub. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilat və maliyyə institutlarının, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanın milli inkişaf siyasətinin ayrılmaz hissəsi olduğunu, milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyalarının DİM-lərlə uzlaşdırıldığını bildirib. O, ölkənin iqlim öhdəliklərinin icrasının sürətləndirilməsinin və enerji sektorunun karbonsuzlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bərpa olunan enerji layihələrinin genişləndirilməsi, yaşıl enerji dəhlizlərinin inkişafı və özəl investisiyaların cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və enerji keçidinə töhfə verir. Bu istiqamətdə investisiya təşviqi mexanizmləri, yaşıl kredit, güzəştli maliyyələşmə və dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən istifadə olunur. Həmçinin rəqəmsal texnologiyaların istehsalda enerji və resurs səmərəliliyinin artırılmasında, Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda yaşıl inkişafın təşviqində rolu diqqətə çatdırılıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, milli iqlim öhdəliklərinin həyata keçirilməsi və enerji keçidinin sürətləndirilməsi istiqamətində Azərbaycan ilə BMT arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, dövlət qurumları, beynəlxalq tərəfdaşlar və özəl sektor arasında əlaqələndirmənin gücləndirilməsinin, beynəlxalq təcrübənin və innovativ həllərin tətbiqinin dayanıqlı inkişaf hədəflərinə nail olunmasına töhfəsini vurğulayıb.
Milli Məclisin deputatı, COP29 üzrə yüksək səviyyəli çempion Nigar Arpadarai Azərbaycanın iqlim gündəliyinin prioritetləri, COP29 çərçivəsində əldə olunmuş nəticələrin davam etdirilməsi və milli iqlim öhdəliklərinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətinə toxunub.
Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal Azərbaycanın dayanıqlı inkişaf prioritetlərinin dəstəklənməsində beynəlxalq maliyyə institutlarının rolunu, yaşıl enerji keçidinin sürətləndirilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi imkanlarını vurğulayıb.
Dialoq çərçivəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin iqtisadçısı Xurşid Rüstəmov “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Paris Sazişinin hədəflərinə nail olmaq üçün qlobal iqlim fəaliyyəti və Azərbaycan nümunəsi” mövzusunda təqdimatla çıxış edib.
Tədbir “Azərbaycanın milli səviyyədə müəyyən edilmiş töhfələrin və 7-ci DİM (sərfəli və təmiz enerji) hədəflərinin enerji sektorunun karbonsuzlaşdırılması vasitəsilə həyata keçirilməsi: siyasət, investisiyalar və tərəfdaşlıq” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi ilə davam edib. Paneldə Azərbaycanın yenilənmiş milli iqlim öhdəliklərinin prioritetləri və icra mexanizmləri, yaşıl enerji keçidi, nəqliyyat sektorunda emissiyaların azaldılması, dayanıqlı maliyyələşmə və beynəlxalq investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.
Azərbaycanın enerji sektorunun yaşıllaşdırılması, bərpa olunan enerji layihələrinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, yaşıl maliyyə mexanizmlərindən istifadə və dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin Azərbaycanın 7-ci DİM üzrə Yol Xəritəsinin icrası, enerji keçidinin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişaf hədəfləri ilə uzlaşdırılması məsələlərinə toxunulub.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor və digər maraqlı tərəflər arasında fikir mübadiləsi aparılıb.



