İqtisadiyyat · Banker.az

AMB maliyyə sektoru üçün süni intellekt və məlumat idarəetməsi üzrə yeni qaydalar hazırlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AMB maliyyə sektoru üçün süni intellekt və məlumat idarəetməsi üzrə yeni qaydalar hazırlayır xəbəri üçün şəkil

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna süni intellektin (AI) idarə edilməsi üzrə metodoloji rəhbərliyi, noyabr ayında isə məlumatların idarə edilməsi üzrə metodoloji sənədi maliyyə sektoruna təqdim etməyi planlaşdırır.

Bunu AMB-nin Məlumat Departamentinin direktoru Elmir Həsənli “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən “12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” adlı konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank metodoloji rəhbərlikləri hazırlayarkən sektorun iştirakını təmin edir və sənədləri müvafiq qurumlarla paylaşır.

“AI-nin idarə edilməsi üzrə metodologiya banklarla birgə hazırlanıb”, – E.Həsənli bildirib.

O qeyd edib ki, süni intellektin kreditləşmədə tətbiqi bir sıra risklər yaradır. Bunlardan biri modelin zamanla dəyişməsi, yəni “drift” etməsidir. Model ilkin mərhələdə düzgün qərarlar versə də, müntəzəm monitorinq aparılmadıqda onun fəaliyyəti dəyişə və yanlış nəticələr ortaya çıxa bilər.

Digər risk modelin qərəzli qərarlar verməsidir (bias). Belə ki, model keçmiş qərarlar əsasında öyrədildikdə, həmin qərarlardakı qərəzləri mənimsəyə və nəticədə şəffaf olmayan qərarlar verə bilər.

Departament direktorunun sözlərinə görə, kreditləşmədə süni intellektdən istifadə zamanı əsas məsələlərdən biri qərarların izaholunma qabiliyyətidir: “Müştəriyə kredit verilməsindən imtina edildikdə, qərarın səbəbləri aydın və dolğun şəkildə izah edilməlidir. Həm müştəri, həm də qərara görə məsuliyyət daşıyan tərəf kreditin niyə təsdiqlənmədiyini başa düşməlidir.

Ən bahalı modeli əldə edə bilərsiniz, lakin burada başlıca meyar modelin qiyməti deyil, onun verdiyi qərarların keyfiyyəti və nə dərəcədə əsaslandırıla bilməsidir. İstifadə olunan modelin keyfiyyəti, ilk növbədə, qərarların dolğunluğu, şəffaflığı və izaholunma səviyyəsi ilə qiymətləndirilməlidir”.

E.Həsənli məlumatların idarə edilməsi üzrə metodoloji rəhbərliyin bankları, bank olmayan kredit təşkilatlarını (BOKT) və təhlil qurumlarını əhatə edəcəyini bildirib.

Onun sözlərinə görə, metodoloji rəhbərlikdə məlumatların keyfiyyəti, idarə edilməsi, əlçatanlığı, tamlığı və digər mühüm məsələlər nəzərdə tutulub.

“Bu, ilk hədəf deyil. Biz istəyirik ki, bütün sektor eyni istiqamətdə hərəkət etsin və eyni hədəfə yönəlsin. Əsas məqsəd bu metodoloji rəhbərliyin bütün sektor tərəfindən nəzərə alınmasıdır”, – AMB rəsmisi əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑