Şəki, 19 oktyabr,
Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı Afaq Məsudun eyniadlı psixoloji dramı əsasında hazırlanan “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov, musiqi tərtibatçısı isə Zeynəb Xəlilovadır.
Tamaşada rolları Lalə Məmməd, Rəşad Rüstəmov, Əməkdar artist Rəhim Qocayev, Nazilə İmamhüseynova, Pərviz İsmayılov, Fərahim Fətəliyev, Nuranə Mirzəliyeva, Rəşid Mirizadə, Azad Məmmədov, Cavidan Eminov, Nərmin Nəbiyeva, Arzuman Abdullazadə, Qurban Rəsulov və Samirə Abdullayeva ifa edirlər.
Psixoloji dramda sənətkarın taleyinə, sənətə və insan mənəviyyatına qarşı biganə münasibətin doğurduğu faciəvi nəticələr əks olunur. Tamaşanın əsas ideyası biganəliyin insan həyatında və mənəvi dünyasında yaratdığı fəsadları açmaq, insanın sənətə və mənəvi dəyərlərə münasibətini ön plana çəkməkdir.
Tamaşanın premyerası noyabrın sonlarına nəzərdə tutulur.
Müxbir - Rasim İslamoğlu






