"Biz Ali Seçki Məhkəməsi tərəfindən elan edilmiş prezident seçkilərinin nəticələrini tanıyırıq".
Məğlub olmuş prezidentliyə namizəd Flavio Bolsonaronun partiyası Braziliya seçkilərinin ikinci turunda hazırkı Prezident Luis İnasio Lula da Silvaya məğlub olduğunu etiraf edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Bolsonaronun sağçı Liberal Partiyasının yaydığı bəyanatda bildirilib ki, "biz Ali Seçki Məhkəməsi (TSE) tərəfindən elan edilmiş prezident seçkilərinin nəticələrini tanıyırıq".
Partiya rəhbərliyinin fikrincə, Bolsonaronun ikinci turda məğlubiyyəti hökumətin seçki kampaniyası zamanı milyonlarla aztəminatlı ailəyə sosial yardımları genişləndirməsi ilə əlaqədardır. Partiya hesab edir ki, bu tədbirlər seçki prosesinin ədalətliliyinə şübhə yaradır. Ona görə də, seçki nəticələri ilə bağlı qaldırılan şikayətlər "balanslı və demokratik siyasi müzakirə çərçivəsində lazımi qaydada həll edilməlidir".
Rəsmi nəticələrə görə, çərşənbə axşamı 81 yaşı tamam olan Lula ikinci turda səslərin 51,8%-ni qazanaraq dördüncü prezidentlik müddətinə mandat qazanıb. Bolsonaro 48,2% səs toplayıb. Hazırkı Prezident təxminən 4,4 milyon səslə qalib gəlib.
Oktyabrın əvvəlində keçirilən birinci turda Flavio Bolsonaro gözlənilmədən qalib gəlib və o, ikinci turdan əvvəlki son sorğularda hələ də liderlik edirdi. İkinci turdan sonra o, dərhal məğlubiyyətini etiraf etməkdən imtina edib və seçki nəticələrinin ləğvini tələb edib.
Bazar ertəsi günü paylaşılan videoda Bolsonaro, kampaniya zamanı "siyasi və iqtisadi gücdən sui-istifadə" səbəbindən Lulanın namizədliyinin etibarsız sayılması üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlayıb. O, həmçinin Lula hökumətinə qarşı müxalifətə rəhbərlik etmək niyyətini vurğulayıb.
İnternetdə yerləşdirilən başqa bir videoda Bolsonaro polisin ondan pasportunu təhvil verməsini tələb etdiyini bildirib. Onun ölkədən çıxması qadağan edilib. O, Ali Məhkəmənin qərarına ABŞ-da yaşayan qardaşı Eduardo Bolsonaronun açıqlamasının səbəb olduğunu bildirib. İkinci turdan iki gün əvvəl Eduardo bildirib ki, qardaşı qalib gəlməsə, "ölkəni tərk etməlidir".
Braziliya polisi Flavio Bolsonaroya qarşı atası haqqında filmin maliyyələşdirilməsi ilə bağlı korrupsiya və çirkli pulların yuyulması şübhəsi ilə araşdırma aparır.
"Mən heç vaxt ölkəni tərk etmək niyyətində olmamışam. Pasportlarımı təhvil verəcəyəm və özümü müdafiə edəcəyəm", - Flavio Bolsonaro bildirib.


