İkinci Qarabağ müharibəsi dövründə Tərtər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə artilleriya atəşinə tutulmasından 6 il ötür.
BAKU.WS xəbər verir ki, 2020-ci il oktyabrın 28-də saat 07:30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.
44 günlük Vətən müharibəsi dövründə Tərtər şəhəri və rayonun kəndləri dəfələrlə ağır artilleriya zərbələrinə məruz qalıb. Atəşlər nəticəsində dinc sakinlərin yaşadığı evlərə, mülki infrastruktura və müxtəlif obyektlərə ciddi ziyan dəyib.
Mərmilərin düşməsi nəticəsində yaşayış evləri dağılıb, məktəblər, xəstəxanalar və inzibati binalar zərər görüb. Sakinlər həyatlarını təhlükə altında yaşamaq məcburiyyətində qalıb, bir çox insan təhlükəsiz ərazilərə sığınmağa çalışıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 2020-ci il oktyabrın 29-da verdiyi məlumata görə, döyüşlər başlayandan həmin tarixədək rayon ərazisinə təxminən 15 500 mərmi düşüb. Onun sözlərinə görə, atəşlər nəticəsində 133 ev tamamilə dağılıb, 873 evə qismən ziyan dəyib. Bundan başqa, 14 məktəbə, 3 xəstəxanaya, 18 inzibati binaya və 65 ictimai yaşayış binasına zərər dəyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 44 günlük müharibə ərzində Tərtər rayonunda biri uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 58 nəfər yaralanıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-dən etibarən Tərtər şəhərini və rayonun yaşayış məntəqələrini dəfələrlə atəşə tutub. Rayon həmin dövrdə müharibənin ən çox zərər çəkən ərazilərindən biri olub.
Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də Tərtər rayonunun ərazisinin artilleriya atəşinə tutulması barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.



