AB ölkələri ilin sonuna qədər Ukraynaya əlavə 45 milyard avro ayırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, yeni kredit Ukraynanın 2027-ci ildə maliyyə ehtiyaclarını ödəmək üçün veriləcək. AB həmçinin bu proqram üçün Kanada və Böyük Britaniyadan daha çox dəstək almağa çalışır.
“Digər tərəfdən, bu qərar xüsusən də birliyin yeni yeddi illik büdcəsinin qəbulu ilə bağlı davam edən danışıqlar fonunda Avropa ölkələri arasında gərginliyi daha da dərinləşdirə bilər. Siyasi baxımdan Ukrayna üçün vəsaiti necə tapdığımızı izah etmək asan olmayacaq, eyni zamanda, xüsusilə avropalılara yönəlmiş AB proqramlarında genişmiqyaslı ixtisarlar etməyə məcbur olduq”, - nəşrin mənbəsi bildirib.
Nəşr yazır ki, Çexiya və Slovakiya nümayəndələri artıq Avropa Şurasının iclasında kreditdə iştirak etməyəcəklərini açıqlayıblar. Macarıstanın da onlara qoşulacağı qeyd olunub.



