Serbiyada 14 ildir iqtidarda olan Serb Tərəqqi Partiyasının və onun lideri Aleksandr Vuçiçin hakimiyyətinə son qoyuldu. Oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində hakim partiya ağır məğlubiyyətə uğradı.
Ölkədə hakimiyyəti iki il ərzində Serbiyanın müxtəlif bölgələrində etiraz aksiyaları keçirən yeni siyasi qüvvə – “Tələbə siyahısı” hərəkatı formalaşdıracaq.
Modern.az xəbər verir ki, uzun müddətdir ölkəyə rəhbərlik edən A.Vuçiç baş nazir postuna keçmək ümidi ilə prezident səlahiyyətlərini vaxtından əvvəl dayandırsa da, planı baş tutmadı.
O, növbədənkənar seçkilərdən sonra baş nazir olacağını gözləyirdi.
İndi Aleksandr Vuçiçə yalnız ilin sonunadək keçiriləcək prezident seçkilərdə öz namizədinin qalib gəlməsinə ümid etmək qalır. Amma bu da real görünmür.
Vuçiç məğlubiyyətini etiraf etdi: “Seçkini uduzduq”
Oktyabrın 25-də axşam, seçki məntəqələri bağlandıqdan təxminən bir saat yarım sonra Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının qərargahında jurnalistlərin qarşısına çıxaraq gözlənilməz açıqlama verib.
“Biz seçkini uduzmuşuq. “Tələbə siyahısı” qalib gəlib. Onların parlamentdə 135–140 deputat yeri olacaq. Serbiya parlamentində ümumilikdə 250 yer var. Biz isə təxminən 105 yer əldə edəcəyik. Bizə 1,7 milyon, tələbələrə isə təxminən 2,2 milyon seçici səs verib”, – deyə Vuçiç bildirib.

Aleksandr Vuçiç məğlubiyyətin səbəbini belə izah edib: “Bu, müxtəlif Avropa dövlətlərinin və Amerikanın dərin dövlətinin dəstəyi ilə təşkil edilmiş inqilabın nəticəsidir”.
Keçmiş prezident səsvermənin daha bir mühüm nəticəsini də açıqlayıb. Milli azlıqların bir neçə nümayəndəsi istisna olmaqla, parlamentə yalnız Serb Tərəqqi Partiyası və “Tələbə siyahısı” daxil olur. Digər siyasi qüvvələrin heç biri 3 faizlik seçki baryerini keçə bilməyib.
Bazar günü keçirilən seçkilərdə nəticəyə təsir göstərən əsas amillərdən biri də seçici fəallığının rekord həddə çatması olub. Əvvəlki seçkilərdə seçici fəallığı heç vaxt 60 faizə çatmadığı halda, bu dəfə göstərici 70 faizi xeyli ötüb.
Səsvermə günü Serbiyanın bütün ərazisində, xüsusilə də paytaxt Belqradda seçki məntəqələrinin qarşısında böyük növbələr yaranıb. İnsanlar bəzən bir saatdan artıq növbədə gözləməli olublar. Xaricdəki seçki məntəqələrində növbələr daha böyük olub.
Ölkədə yeni dövr başlayır
“Tələbə siyahısı” hərəkatının seçki siyahısına rəhbərlik edən kardioloq, tibb professoru İliya Srdanoviç ölkədə yeni dövrün başlandığını bəyan edib.
“Ölkəmizdə bir daha heç vaxt tiraniya olmayacaq”, – deyə o bildirib.
Tezliklə bayram əhval-ruhiyyəsi küçələrə də yayılıb. Avtomobil siqnalları, atəşfəşanlıq və fişəng səsləri altında qələbə şənlikləri bazar ertəsi səhərinədək davam edib.
Brüsseldən tələbələrə təbrik
“Tələbə siyahısı”nı qələbə münasibətilə ilk təbrik edənlər arasında Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də olub.
Onlar Brüsselin Serbiyanın Avropa İttifaqına üzvlük istiqamətində irəliləməsinə kömək etməyə hazır olduğunu bildiriblər.
Bununla belə, Serbiya tələbələrinin liderləri əsas diqqəti ölkənin daxili problemlərinin həllinə yönəldiblər. Onlar Avropaya inteqrasiya məsələsində isə konkret mövqe ifadə etməkdən çəkiniblər.
“Tələbə siyahısı” Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək prinsipial mövqeyini qoruyacağını bəyan ediblər.
İliya Srdanoviç kimdir?

Kardioloq və Novi-Sad Universitetinin Tibb fakültəsinin professoru İliya Srdanoviç tələbələrin seçki siyahısında ilk yerdə qərarlaşıb.
Qeyd edək ki, “Tələbə siyahısı” tələbələrdən yox, onların seçdiyi müəllimlər, professorlar, həkimlər, mədəniyyət xadimləri, idmançılar və digər qeyri-siyasi fiqurlardan ibarətdir.
İliya Srdanoviç tələbələrin namizədlər siyahısında edilən son dəyişikliklərdən sonra ilk sıraya yüksəlib. Həmin siyahı sentyabrın 14-də, bazar ertəsi günü Respublika Seçki Komissiyasına təqdim olunub.
İliya Srdanoviç tələbə etirazlarını ilk gündən dəstəkləyib. Serbiyada tələbə etirazları 2024-ci ilin noyabrında başlayıb.
İliya Srdanoviç 1970-ci ildə Novi-Sad şəhərində anadan olub. Daha sonra Novi-Sad Universitetində ali təhsil alıb, ixtisaslaşmanı başa vurub və 2012-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bundan əvvəl isə Belqradda magistr dərəcəsi qazanıb.
Daxili xəstəliklər üzrə mütəxəssis olan Srdanoviç 2018-ci ildən Novi-Sad Universitetinin Tibb fakültəsinin Təcili tibbi yardım kafedrasında dərs deyir. Ötən ildən isə professor vəzifəsində çalışır.
O, 1997-ci ildən Sremska-Kamenitsada yerləşən Voyvodina Ürək-Damar Xəstəlikləri İnstitutunda da işləyir.
A.Qorxmaz



