Rusiya Oleşkinin mülki əhalisinin təxliyəsindən həmin ərazidə işğalçı qüvvələrin sayını artırmaq üçün istifadə edib.
Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib.
Onun sözlərinə görə, əvvəllər Rusiya bölmələri Ukrayna Silahlı Qüvvələrinin atəş nəzarəti səbəbindən Dnepr çayının bu hissəsində sahil xəttinə kütləvi şəkildə yaxınlaşa bilmirdi. Vəziyyəti dəyişmək üçün ruslar yerli sakinlər üçün qəsdən dözülməz şərait yaradıblar. Bununla paralel olaraq, bot şəbəkələri vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlmiş informasiya kampaniyası aparıblar.
“Rusiyanın yaratdığı humanitar problemdən Qərbə, xüsusilə Donald Tramp administrasiyasına siyasi təzyiq göstərmək məqsədilə istifadə edilib. Nəticədə, mülki əhalinin təxliyəsi bəhanəsi ilə Ukraynadan müvəqqəti təhlükəsizlik zonası yaradılması və Rusiya mövqelərinə atəş açılmasının dayandırılması istənildiyi iddia olunur. İşğalçılar, ehtimal ki, məhz bu vaxtdan Dnepr çayının sol sahilinə maneəsiz keçmək üçün istifadə edirlər”, – Svitan qeyd edib.
Onun sözlərinə görə, Rusiya qoşunları rotasiya həyata keçirir, şəxsi heyəti, texnikanı və sursatı əraziyə cəlb edir. Sahil xəttinə artıq reaktiv yaylım atəşi sistemləri yerləşdirilib. Həmçinin Ukrayna pilotsuz uçuş aparatlarından müdafiə olunmaq üçün istehkamlar və səhra anbarları qurulur.
Qeyd edək ki, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) etibarən Xerson istiqamətində humanitar atəşkəs rejimi tətbiq olunub. Atəşkəs rejiminin noyabrın 1-dək davam etdirilməsi nəzərdə tutulur.




.webp)